Nazirlər Şurasının iclasında çıxış edən xarici işlər naziri Hüseyin Əmir Abdullahian regionda İranın dəstəklədiyi qrupların ABŞ qüvvələrini hədəf almasından sonra Tehranla Vaşinqton arasında artan gərginliyi dəyərləndirib.
KONKRET.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Bölgədəki qrupların işğala qarşı çıxdıqlarını bildirən Abdullahian daha sonra bildirib: “ABŞ təhdidedici ifadələr işlətməyi və başqalarını ittiham etməyi dayandırmalı və siyasi həll yoluna diqqət etməlidir”.
Bəzi ABŞ rəsmilərinin hücum təhdidlərinə işarə edən Abdullahian deyib: “İranın təhdid şərtlərində cavabı qəti və sürətli olacaq”.
Qeyd edək ki, yanvarın 28-də İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına kamikadze pilotsuz təyyarə ilə həyata keçirilən hücumda 3 ABŞ əsgəri ölüb, 40-dan çox əsgər yaralanıb.
ABŞ rəsmiləri, xüsusilə Bayden, İranın dəstəklədiyi qrupların hücuma görə məsuliyyət daşıdığını və buna qarşə cavab verəcəklərini bildirib.
İran sözügedən hücumla əlaqəsi olduğu iddialarını rədd edib: “Bölgədəki müqavimət qüvvələri qərar və hərəkətlərində İrandan təlimat almır”.
İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı general-mayor Hüseyn Selami müharibə istəmədiklərini, lakin ölkələrinə qarşı heç bir təhlükəni cavabsız qoymayacaqlarını bildirib.
Vəli Həsənov,
KONKRET.az
