ABŞ-ın İranla bağlı 3 yolu qaldı – Tramp nəyi seçəcək?backend

ABŞ-ın İranla bağlı 3 yolu qaldı - Tramp nəyi seçəcək?

ABŞ və İran arasında davam edən silahlı qarşıdurma Vaşinqton üçün ağır nəticələr doğurmaqdadır. İndiyədək səkkiz yüzdən çox amerikalı hərbçi həlak olub və yaralanıb, on milyardlarla dollar vəsait xərclənib, regional hərbi bazalardakı binalar dağılıb, sursat ehtiyatları isə əhəmiyyətli dərəcədə azalıb. Yanacaq qiymətlərinin kəskin artması ABŞ daxilində inflyasiyanın son illərin rekord həddinə çatmağına səbəb olub.

KONKRET.az-ın xəbərinə görə, rəy sorğuları göstərir ki, amerikalıların əksəriyyəti bu müharibənin başlanmasını haqlı hesab etmir və ictimai narazılıq getdikcə güclənir.

Buna baxmayaraq, Tehran Hörmüz boğazında gəmiçiliyə hücumları, regional qruplaşmalara dəstəyi və nüvə proqramını dayandırmaq niyyətində deyil.

Yaranmış mürəkkəb vəziyyətdə ABŞ rəhbərliyinin qarşısında əsasən üç yol qalır.

Birinci yol hərbi eskalasiyanın yenidən artırılmasıdır. Bəzi siyasətçilər, o cümlədən prezident Donald Tramp münaqişənin əvvəlində olduğu kimi intensiv bombardmanlara qayıtmağı, digərləri isə İran ərazisinin bit hissəsini ələ keçirmək üçün quru qoşunlarının yeridilməsini təklif edirlər.

Lakin ekspertlər hesab edirlər ki, bu addım həm canlı qüvvə itkilərini artıracaq, həm də qlobal enerji infrastrukturuna bərpaolunmaz zərbə vuracaq.

İkinci yol münaqişədən birtərəfli qaydada çıxmaqdır. Respublikaçılar arasında da bu müharibənin dayandırılmasını tələb edənlərin səsi getdikcə güclənir.

Lakin blokadanın birtərəfli ləğv edilməsi Hörmüz boğazına tam nəzarəti Tehrana verəcək, iranlıların neft tankerlərindən rüsum yığmasına və qazanılan vəsaitlə regional qruplaşmaları maliyyələşdirməsinə şərait yaradacaq.

Bu isə ABŞ-ın beynəlxalq nüfuzuna və regional təhlükəsizliyə ağır zərbə vurardı.

Üçüncü və strateji baxımından ən çox üstünlük verilən yol isə mövcud kursun saxlanılmasıdır. Hərbi blokada və sərt iqtisadi təzyiqlər dərhal nəticə verməsə də, İran iqtisadiyyatını çətin vəziyyətə salıb. Milli valyuta kəskin dəyərsizləşib, inflyasiya və ərzaq qiymətləri misli görünməmiş səviyyəyə yüksəlib, neft ehtiyatları isə demək olar ki, tükənib. Təhlilçilərin fikrincə, bu səbir strategiyası sürətli qələbə qazandırmasa da, İran rəhbərliyini ölkənin tamamilə çöküşünün qarşısını almaq üçün gec-tez güzəştə və danışıqlara məcbur edə biləcək yeganə nisbətən dözümlü variantdır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*