İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin alimləri koronavirusla bağlı mühüm elmi qənaətə gəliblər. Məlum olub ki, virus insan orqanizminin toxumalarında illərlə qalmaq qabiliyyətinə malikdir.
KONKRET.az bildirir ki, tədqiqatçıların verdiyi məlumata görə, virusun orqanizmdə uzun müddət qalması ağciyərlərin xroniki xəstəliklərinin inkişafı, ürək ritminin pozulması, ürək çatışmazlığı, həmçinin qaraciyər və mədə-bağırsaq traktının zədələnmələri ilə birbaşa əlaqəli ola bilər.
Xüsusilə narahatlıq doğuran məqam koronavirusun endometriumda (uşaqlığın daxili qişasında) aşkarlanmasıdır.
Mütəxəssislər ehtimal edirlər ki, bu hal qadınlarda sonsuzluğun yaranmasına şərait yarada bilər.
Bundan əlavə, alimlər COVID-19 infeksiyasının onkoloji xəstəliklərlə hər hansı əlaqəsinin olub-olmadığını da araşdırırlar. Bəzi pasiyentlərdə şişlərin böyüməsinə və metastaz verməsinə təkan verən xərçəng kök hüceyrələrinin sayında artım müşahidə olunub.
Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, virusun toxumalarda qalması ilə qeyd olunan ağır fəsadlar arasındakı səbəb-nəticə əlaqəsi hələlik yekun olaraq sübuta yetirilməyib.
Yekun rəyə gəlmək üçün əlavə elmi araşdırmaların aparılması tələb olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az
