Rusiya televiziyasında ABŞ və Avropanın qlobal mövqeləri ilə bağlı sərt iddialar səsləndirilib.
KONKRET.az-ın “Express” nəşrinə istinadən məlumata görə, “Rossiya-1” telekanalında yayımlanan Vladimir Solovyovun proqramında ABŞ-ın Ukraynadakı müharibə səbəbindən Rusiya ilə qarşıdurmada məğlub olduğu bildirilib.
Proqram zamanı çıxış edən politoloq Dmitri Kulikov amerikalı elitaların bu məğlubiyyəti artıq anladığını iddia edib. Veriliş iştirakçıları həmçinin Avropanın təsir gücünün zəiflədiyini və Vaşinqtonun Ukraynadan getdikcə uzaqlaşdığını vurğulayıblar.
Hətta qonaqlardan biri ABŞ, Rusiya və Çin üçbucağında Avropaya ümumiyyətlə ehtiyac qalıb-qalmadığı sualını qaldırıb.
Bundan əlavə, verilişdə Donald Tramp ilə Vladimir Putin arasında etimad məsələsinə toxunulub.
Rusiya təbliğatçiları Vaşinqtonun növbəti məğlubiyyətlə üzləşəcəyini, bu dəfə İrana qarşı qarşıdurmada uduzacağını proqnozlaşdırıblar.
Müşviq Tofiqoğlu
KONKRET.az
