Birləşmiş Ştatlar və Ukrayna arasında münasibətlər ən aşağı həddə düşüb. Proses Zalujnının vəzifədən çıxarılması, Rusiyanın radiolokasiya stansiyalarına zərbələr endirilməsi və hərbi əməliyyatların gərgin vaxtında Baydenin sülh sammitinə getməkdən imtina etməsindən sonra sürətlənib.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın ‘Financial Times’ nəşri məlumat yayıb.
Bildirilib ki, Ukrayna prezidenti Volodimir Zelenski son vaxtlar rus qoşunlarının uğurları, habelə ABŞ-ın Rusiya ilə sülh danışıqlarına Ukraynanın iştirakı olmadan başlamaq istəməsi ilə bağlı şübhələri səbəbindən daha emosional və əsəbi olub.
Yüksək rütbəli ukraynalı məmurun “Financial Times”a dediyinə görə, Zelenski düşünür ki, ABŞ hərbi əməliyyatların prezident seçkilərinə qədər bitməsini istəyir. Mənbə onu da bildirib ki, Ukrayna prezidenti Co Bayden administrasiyasının ABŞ seçkiləri ərəfəsində dünya qiymətlərinin artması qorxusu səbəbindən Rusiyanın neft infrastrukturuna hücumlarla bağlı mövqeyindən narazıdır.
Başqa bir FT mənbəyi son aylarda Zelenskinin ofisindəki atmosferi təsvir etmək üçün “paranoya” sözündən istifadə edib. O, bunu iyunun ortalarında İsveçrədə keçiriləcək sülh sammitinə hazırlıqla əlaqələndirib. Qəzetin qeyd etdiyi kimi, Baydenin sammitə qatılmamaq qərarı Kiyev və Vaşinqton arasında onsuz da gərgin olan münasibətləri daha da pisləşdirib.
Günel Mikayılova,
KONKRET.az
