“ABŞ–İran arasındakı danışıqlar sülh sazişindən çox atəşkəsin qorunması və bəzi məsələlərin tənzimlənməsi məqsədi daşıyır. Buna baxmayaraq, tərəflərin yenidən müharibəyə qayıtma ehtimalı gündəmdə qalır.
Son görüşlərdə müəyyən razılaşmalar əldə olunsa da, İslamabadda aparılan danışıqlar fərqli maraqlar səbəbindən tam nəticə vermədi. Buna görə də prosesi uğursuz yox, nəticəsiz saymaq daha doğrudur”.
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:

“Uzun fasilədən sonra diplomatik kanalların yenidən aktivləşməsi isə müəyyən irəliləyişlərdən xəbər verir. Tərəflər arasında əsas fikir ayrılıqları isə qalmaqdadır. İran dondurulmuş neft vəsaitlərinin qaytarılmasını, müharibə nəticəsində dəymiş ziyana görə təzminatı və hərtərəfli sülh sazişini tələb edir. Bundan əlavə, nüvə proqramı əsas ziddiyyət nöqtələrindən biridir. ABŞ və İsrail zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını tələb edir, İran isə onun yalnız aşağı səviyyədə saxlanılacağını və hərbi məqsədlər üçün istifadə olunmayacağını bildirir”.
E.Səftərov qeyd edir ki, nəzarət mexanizmləri və strateji məsələlərdə də razılıq yoxdur.
“Bu səbəbdən hazırkı mərhələdə tam sülh sazişinə yaxınlıq görünmür. Razılaşma əldə olunmasa, münaqişənin yeni mərhələyə keçməsi riski qalır. Bununla belə, fundamental məsələlərdə uzlaşma yaranarsa, sülh üçün yeni imkanlar açıla bilər”.
Aynurə İsmayıl
KONKRET.az
