Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putin üçün həm strateji, həm də siyasi simvol sayılan Krım körpüsünün qalan hissəsinin də tamamilə sıradan çıxarılması barədə komandirlərə tapşırıq verib.
KONKRET.az xəbər verir ki, “The Telegraph” nəşrinə danışan Ukrayna hərbi mənbələrinin sözlərinə görə, Kiyev Rusiyanı işğal olunmuş Krımla birləşdirən körpüyə yeni və həlledici zərbələr endirməyə hazırlaşır.
Xatırladaq ki, noyabrın 18-də Ukrayna ordusu dronlar və qanadlı raketlərdən istifadə edərək körpünün əsas hissələrini yararsız hala salmışdı. Yeddi mərhələli həmin əməliyyatda Rusiya hava hücumundan müdafiə sistemlərini yarmaq üçün 11 fərqli silah sistemindən istifadə olunub.
Gecəyarısı Ukraynanın cənub sahillərindən buraxılan yerli istehsal olan “Neptun” raketlərinin zərbəsi nəticəsində dördzolaqlı avtomobil yolu və dayaq tağı Kerç boğazına çöküb. Ertəsi gecə keçirilən ikinci hücumda isə ağır yük qatarları üçün nəzərdə tutulan dəmir yolu xəttinə ciddi ziyan dəyib. Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatına əsasən, quru keçidi tamamilə sıradan çıxsa da, dəmir yolu xətlərindən biri hələ də işlək vəziyyətdə qalıb. Dağıntılar isə Azov və Qara dənizlər arasında gəmiçiliyi müvəqqəti dayandırıb.
2014-cü ildə Krımın ilhaqından sonra inşa edilən və 2018-ci ildə Putinin şəxsən yük maşını ilə keçərək açılışını etdiyi 20 kilometrlik körpü Rusiya ordusunun cənub cəbhəsindəki əsas təchizat damarı hesab olunur.
Hərbi mənbələr bildirirlər ki, Kiyev bu hədəfi tamamilə bitirmək üçün “Neptun” raketlərinin istehsalını kəskin artırır. 2022-ci ildə Rusiyanın “Moskva” kreyserini batırmaqla məşhurlaşan bu raketlərin artıq yerüstü hədəfləri vuran və 1000 kilometr məsafə qət edən yeni versiyaları hazırlanıb. Hətta “Flaminqo” qanadlı raket layihəsinin resurslarının bir hissəsinin də “Neptun” istehsalına yönəldiləcəyi qeyd olunur.
