Afinanın sirri: Müharibənin külündən əzəmətli Akropol necə yarandıbackend

Afinanın sirri: Müharibənin külündən əzəmətli Akropol necə yarandı

Az adam bilir ki, bu gün heyranlıqla seyr etdiyimiz əfsanəvi Afina Akropolu əslində öz xarabalıqlarının üzərində ucalıb. Üstəlik, qədim tikililərin qalıqları sözün həqiqi mənasında qayaların və torpağın altında basdırılıb.

Hələ e.ə. VIII əsrdə Akropol təpəsi mühüm müqəddəs məkana çevrilmişdi. Burada şəhərin himayədarı sayılan ilahə Atena Poliasın kultu formalaşmışdı. E.ə. VI əsrin ortalarında, tiran Peisistratın hakimiyyəti dövründə isə bu müqəddəs məkan daha da inkişaf edərək əzəmətli dini mərkəzə çevrildi. Məhz həmin dövrdə atenalıların ilahə Atenanın şərəfinə keçirdikləri ən mühüm bayramlardan biri olan Böyük Panateneya mərasimləri xüsusi əhəmiyyət qazandı, ilk monumental məbədlər inşa edildi. Onların arasında məşhur “Köhnə məbəd” və Parfenonun sələfi hesab edilən Hekatompedon da var idi.

Atenalılar ilahəyə qiymətli hədiyyələr təqdim edirdilər. Bunların arasında incə işlənmiş mərmər kora heykəlləri, atlı fiqurları, tunc və gil heykəlciklər, eləcə də bəzəkli qablar vardı. Həmin əşyaların bir çoxunun üzərində qorunub saxlanılan yazılar arxaik dövrdə Atena kultunun nə qədər geniş yayıldığını və şəhər həyatında mühüm yer tutduğunu göstərir.

E.ə. 490-cı ildə Marafon döyüşündə farslar üzərində qazanılan qələbədən sonra atenalılar Akropolda daha möhtəşəm bir məbəd tikmək qərarına gəldilər. Beləliklə, sonralar Pre-Parfenon adlandırılan monumental tikilinin inşasına başlanıldı. Lakin bu layihəni başa çatdırmaq mümkün olmadı. E.ə. 480-ci ildə fars qoşunları yenidən Attikaya hücum etdilər, Akropolu ələ keçirərək talan etdilər və müqəddəs tikililəri yandırdılar.

Lakin bu hekayənin ən maraqlı və düşündürücü hissəsi məhz bundan sonra başlayır.

Düşmən qoşunları geri çəkildikdən sonra atenalılar dağıdılmış müqəddəs məkanın qalıqlarını məhv etmədilər. Əksinə, sınmış heykəlləri, məbəd fraqmentlərini və ilahəyə həsr edilmiş digər qiymətli əşyaları ehtiramla torpağa basdırdılar. Onlar bu qalıqları Akropol qayasının təbii çökəkliklərinə yerləşdirərək üzərini torpaq və daşlarla örtdülər. Nəticədə süni terraslar yarandı. Əsrlər sonra məhz həmin terrasların üzərində bu gün dünyanın ən məşhur tarixi abidələrindən sayılan yeni Akropol kompleksi ucaldıldı.

Dağıdılmış məbədlərin bəzi memarlıq elementləri isə sonradan tikilən müdafiə divarlarının inşasında istifadə edildi. Beləliklə, fars hücumları zamanı dağıdılmış qədim tikililərin parçaları şəhərin müdafiə sisteminin bir hissəsinə çevrildi. Bu fraqmentlər həm faciəli hadisələrin, həm də afinalıların öz tarixi və mədəni irsinə bağlılığının canlı yadigarı idi.

Həmin qədim daşların bir qismini bu gün də Akropolun şimal yamacında və Qədim Aqora istiqamətində görmək mümkündür.

Bu tarixin ən mühüm mesajı isə zamanın fövqündə dayanır: dağıntılar həmişə son demək deyil. Bəzən bir xalqın ən böyük abidələri məhz onun ən ağır məğlubiyyətlərinin və faciələrinin izləri üzərində yüksəlir. Afina Akropolu bunun minilliklərə meydan oxuyan möhtəşəm nümunəsidir.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*