Son günlər dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı kütləvi informasiya vasitələrinə ayrılacaq məbləğin az olması barədə fikirlər səsləndirilir. Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu da bu haqda fikir səsləndirib. Məsələ sosial şəbəkələrdə də müzakirə obyektinə çevrilib.
KONKRET.az xəbər verir ki, pravda.az-a fikirlərini bölüşən “Şərq Media Qrup” MMC-nin direktoru, Əməkdar jurnalist Akif Aşırlı deyib ki, müzakirələri diqqət mərkəzində saxlayır, mətbuatdan millət vəkili statusuna qalxan həmkarlarını bu baxımdan fəal olmağa, ictimaiyyəti düzgün məlumatlandırmağa, medianın problemlərini dilə gətirməyə çağırır.
A.Aşırlı büdcə müzakirələri zamanı kütləvi informasiya vasitələrinə 63-65 milyon manat ayrılması barədə söylənilənlərə belə mübasibət bildirib: “Bütövlükdə bu vəsait dövlət tərəfindən maliyyələşdirilən “AzTV” və “İctimai” televiziya, media ilə bağlı beynəlxalq və daxili layihələrin həyata keçirlməsi ücün nəzərdə tutulub. Qəzetlərə, saytlara ayrılan məbləğ bu vəsaitin cüzi bir hissəsini, yəni heç 5-6 faizini əhatə etmir. Təqribi hesablamama görə, 50-yə yaxın sayta, həftəlik nəşr olunan 16 qəzetə bir ildə 3 milyon manat vəsait də sərf olunmur. İctimaiyyət isə 65 milyon manatı eşidib haqlı olaraq əndişə keçirir, bizi yağla-balla yaşamağımızda qınayır və deyir ki, bu qədər vəsait dövlət büdcəsindən niyə mətbuata ayrılmalıdır? Sosial şəbəkələrin sürətli inkişafı baxımından peşəkar media rəqabət qabiliyyətini itirir. Dövlət sağ olsun, indiyə qədər bizə maliyyə dəstəyi göstərib, amma bu dəstək “ölmə, quru canla ayaqda dur və gecə-gündüz işlə, sosial şəbəkələrlə döyüş”dən başqa ümidverici bir nəsnə olmayıb. Düşünün, həftəlik bir qəzet və onlayn çalışan saytlara aylıq 8 min manat ayrılır və 8 nəfər də əmək müqaviləsi ilə jurnalistin çalışma tələbi qoyulur, gündəlik 20 yazı istənilir. Bu 8 min manat vəsaitin 40 faizindən çoxu sosial vergilərə, kirayə haqlarına, qəzet çapı üçün kağıza, mətbəə xərclərinə, texniki işlərə sərf olunur. Yerdə qalan 4 min manat vəsaitlə 8 nəfər işçi necə çalışsın? Jurnalist sual verir, bir sahə həkimi, icra başçısının müavininin aldığı aylıqla bütöv bir redaksiya necə dolansın? İdeoloji mətbuat artıq biznes fəaliyyətini dayandırmalı olub, çünki bütün reklamların böyük həcmi sosial şəbəkələrə verilir. Belə olduğu halda, peşəkar media reklamdan necə yararlansın? Büdcə nüzakirələrində millət vəkili həmkarlarımızı fəal olmağa, medianın problemlərini dilə gətirməyə çağırıram”.
