Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropanı Cənubi Qafqazda Rusiyanın təsirinin artmasının qarşısını almaq üçün Ermənistan və Azərbaycanla münasibətləri daha fəal inkişaf etdirməyə çağırıb.
KONKRET.az xəbər verir ki, nazir regiona səfəri ərəfəsində bildirib ki, Avropa bu istiqamətdə daha fəal siyasət yürütməlidir. O, Rusiyanın təsirinin hansı nəticələrə gətirib çıxara biləcəyinə nümunə kimi Ukraynanı göstərib.
Yohann Vadeful Cənubi Qafqaza səfərinin əsas məqsədlərindən birinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına dəstək vermək olduğunu vurğulayıb. Onun sözlərinə görə, tərəflər əsasən hazır olan saziş mətnini qəbul etməyə razıdırlar.
Almaniya XİN rəhbəri Bakı ilə iqtisadi əlaqələrin inkişafından danışarkən Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna da diqqət çəkib.
“Biz Azərbaycandan etibarlı şəkildə qaz və neft alırıq. Bu, həm Almaniyaya, həm də digər Avropa ölkələrinə aiddir”, – deyə Vadeful bildirib.
Nazir Avropanın ayrı-ayrı ölkələrdən enerji asılılığını azaltmaq üçün enerji resursları təchizatçılarının dairəsini genişləndirməsinin vacibliyini qeyd edib.
Natiq Səlim,
KONKRET.az
