Almaniyada hakim Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasından (FDP) ibarət koalisiyanın ictimaiyyət arasında inamı itirməsi ifrat sağçı populist Almaniya üçün Alternativ (AfD) Partiyasının güclənməsinə səbəb olub.
KONKRET.az xəbər verir ki, hökuməti təşkil edən partiyalar arasında müzakirələr və hökumətin immiqrasiya, iqlim və Ukrayna ilə bağlı qəbul etdiyi qərarlar narazılığı artırır. Şərq əyalətlərində seçkilərin nəticələri AfD-nin qələbəsi ilə nəticələnərsə, baş nazir Şolçun federal səviyyədə nüfuzu daha aşağı düşəcək.
İyunun 9-da keçirilən Avropa Parlamenti (AP) seçkilərində əvvəlki seçkilərlə müqayisədə səslərini 4,9 bal artıraraq 15,9 faizə çatan AfD “Xristian İttifaqı” (CDU/CSU) partiyalarından sonra ikinci yerdə qərarlaşıb. Partiyaların rənglərinə görə “svetofor” koalisiyası kimi tanınan hakim partiyalar səs itkisi ilə üzləşib.
AfD-nin AP seçkilərində, xüsusən də şərq əyalətlərində təxminən 30 faiz səs toplayaraq birinci partiya olması Almaniyanın “Şərq və Qərb”ə bölündüyünü ortaya çıxardı. Yəni şərqdə AfD-nin, qərb əyalətlərində isə xüsusilə mühafizəkar CDU/CSU və digər partiyaların güclü olduğu mənzərə ortaya çıxdı. Bununla belə, AfD qərb əyalətlərində də dəstək tapdı və orada səsvermə nisbətini artırdı.
Beləliklə, ictimaiyyət AP seçkilərində Baş nazir Olaf Şolçun rəhbərlik etdiyi hazırkı hökumətə dərs verib. Sorğular göstərir ki, Almaniyada əhalinin cəmi 22 faizi hazırkı hökumətin işindən razıdır.
Xüsusilə hökuməti təşkil edən partiyalar arasında gedən debatlar, hökumətin immiqrasiya, iqlim, Ukrayna ilə bağlı qərarları və bu məsələlərdə hökumətin sərt mövqeyi “svetofor” koalisiyasından narazılığı artırır. Bu vəziyyət seçiciləri AfD və “Anlaşma və Ədalət naminə Sahara Vaqenknext Alyansı” (BSW) Partiyası kimi siyasi spektrin sonundakı partiyalara yönəldir.
COVID-19 epidemiyası və Ukrayna müharibəsi ictimai inamın itirilməsinin əsas səbəblərindən biri hesab edilir.
Şolç: “Böhranlar inamı sarsıtdı. Bunu başqa cür ifadə edə bilmərik”.
AP seçkilərini “dönüm nöqtəsi” olaraq xarakterizə edən Şolç onu da bildirib ki, hökumətin bu itirilmiş etimadı bərpa etmək kimi böyük vəzifəsi var.
Şolç ölkədə insanlar arasında qarşıdurmanın demokratiya və birlik üçün böyük təhlükə yaratdığını da vurğulayıb.
“Populistlər və ekstremistlər insanların narahatlığından öz məqsədləri üçün istifadə edir”, – deyən Şolç xalqın inamını və birliyini artırmağın hökumətin prioritet vəzifəsi olduğunu qeyd edib.
Siyasi dairələr AP seçkilərində əldə edilən nəticələrin sentyabrda və 2025-ci ilin sentyabrında Şərqi Saksoniya, Türingiya və Brandenburq əyalətlərində keçiriləcək ümumi seçkilərdə öz əksini tapıb-tapmayacağı ilə maraqlanır.
Digər tərəfdən, ölkənin daxili kəşfiyyat orqanı – Federal Konstitusiya Mühafizəsi Agentliyi AfD-ni ifrat sağçı partiya kimi təsnif edib.
ZDF kanalı tərəfindən aparılan son sorğuda AfD-nin səs payı 2024-cü ilin əvvəlində 20 faizdən çox olub. Bununla da AfD ikinciliyini qorumağa davam edir.
Hökumətdə olan SPD 14 faiz, Yaşıllar 13 faiz və FDP 4 faiz səsə malik olduğu halda, ana müxalifət olan CDU/CSU 31 faiz səslə birinci yerdədir.
İndi bütün diqqətlər sentyabrda Saksoniya, Türingiya və Brandenburqda keçiriləcək əyalət şurası seçkilərindədir.
Sorğular göstərir ki, AfD bu ştatlarda birinci yerdə olacaq. Digər partiyalar AfD ilə koalisiyaya girmək istəmədiyi üçün bu ştatlarda hökumət qurmaq çətin görünür. Siyasi müşahidəçilər AfD-nin Saksoniya, Türingiya və Brandenburq əyalətlərində seçki nəticələrinin federal hökumətə necə təsir edəcəyini proqnozlaşdıra bilmirlər.
Lakin Almaniyada Fransadakı kimi erkən seçkilərin keçirilməsi ehtimalı olduqca azdır.
Natiq Səlim,
KONKRET.az