Almaniya ağır cinayətlər törətmiş Əfqanıstan və Suriya vətəndaşlarını deportasiya etməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, kansler Olaf Şolç ölkədə ağır cinayətlər törətmiş Əfqanıstan və Suriya vətəndaşlarının deportasiya edilməli olduğunu bildirib: “Ağır cinayət törədənlər Suriya və Əfqanıstandan gəlsələr belə, deportasiya edilməlidirlər. Burada cinayətkarlara və terror təhdidlərinə yer yoxdur”.
Kansler həmçinin vurğulayıb ki, ölkədə terror cinayətlərinə yol verilməyəcək. Şolç deportasiya qaydalarının sərtləşdiriləcəyinə diqqət çəkib: “Terroru tərifləyən hər kəs bütün dəyərlərimizə zidd hərəkət etdiyi üçün deportasiya edilməlidir”.
Qeyd edək ki, ötən həftə Almaniyanın Mannheym şəhərində əfqan əsilli şəxsin polis əməkdaşını öldürməsindən sonra ölkədə əfqan və suriyalıların deportasiyası məsələsi müzakirə olunub.
Məlumdur ki, Almaniya Daxili İşlər Nazirliyi bu məsələ üzərində işləyir və Əfqanıstan və onun qonşu dövlətləri ilə danışıqlar aparır.
2021-ci ilin avqustunda Kabildə hakimiyyət dəyişikliyindən sonra Almaniya əfqanları deportasiya etməyib.
Natiq Səlim,
KONKRET.az