Etibarnamə ilə nəqliyyat vasitəsinin “alınması”, xalq arasında geniş yayılsa da, Mülki Məcəllənin tələblərinə görə mülkiyyət hüququnun keçməsi sayılmır və alıcı üçün ciddi risklər yaradır.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu təcrübənin ən təhlükəli tərəflərindən biri etibarnamə verən şəxsin, yəni avtomobilin rəsmi sahibinin vəfat etməsi halında ortaya çıxır. Hüquqi baxımdan bu məqam alıcı üçün kifayət qədər mürəkkəb bir prosesin başlanğıcı hesab olunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, etibarnamə verən fiziki şəxsin ölümü ilə ona verilmiş etibarnamənin hüquqi qüvvəsinə dərhal xitam verilir. Bu o deməkdir ki, avtomobilin rəsmi mülkiyyətçisi dünyasını dəyişdiyi andan etibarən əlinizdəki etibarnamə tamamilə hökmsüz və etibarsız sənədə çevrilir. Həmin nəqliyyat vasitəsini köhnə etibarnamə ilə idarə etməyə davam etmək qanunsuzdur və Yol Patrul Xidməti tərəfindən saxlanıldıqda avtomobilin cərimə meydançasına aparılması ilə nəticələnə bilər.
Etibarnamə xitam olunduqdan sonra avtomobil vəfat etmiş şəxsin miras əmlakının tərkibinə daxil edilir. Qanunla müəyyən edilmiş qaydada, miras qoyan şəxsin vəfatından sonra altı ay ərzində onun vərəsələri (birinci növbədə həyat yoldaşı, övladları və valideynləri) notariat kontoruna müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə almalıdırlar. Yalnız vərəsəlik rəsmiləşdirildikdən sonra həmin şəxslər avtomobilin tam hüquqlu mülkiyyətçilərinə çevrilirlər.
Bu mərhələdə alıcının aqibəti böyük ölçüdə vəfat edənin vərəsələrinin mövqeyindən asılı olur. Əgər vərəsələr avtomobilin faktiki olaraq satıldığını və pulunun ödənildiyini qəbul edirlərsə, vərəsəlik müddəti bitdikdən sonra şəhadətnaməni alaraq nəqliyyat vasitəsini Baş Dövlət Yol Polisi İdarəsində alıcının adına tam rəsmiləşdirə bilərlər. Lakin vərəsələr alqı-satqı faktını inkar edərsə və ya avtomobili miras kimi öz aralarında bölüşdürmək istəsələr, hüquqi üstünlük tamamilə onların tərəfində olacaq.
Avtomobili etibarnamə ilə alan şəxs ödədiyi məbləği qorumaq üçün alqı-satqını sübut edən sənədlərə, bank köçürmə qəbzlərinə, yazılı dilxətlərə və ya şahid ifadələrinə əsaslanmalıdır. Bu cür sübutlar mövcud olduqda, alıcı vərəsələrə qarşı məhkəmə qaydasında iddia qaldıraraq avtomobil üçün ödənilmiş pulun miras hesabından geri qaytarılmasını tələb edə bilər. Bu kimi xoşagəlməz hallarla qarşılaşmamaq üçün nəqliyyat vasitələrini etibarnamə ilə deyil, yalnız Baş Dövlət Yol Polisi İdarəsində rəsmi alqı-satqı müqaviləsi bağlamaqla əldə etmək tövsiyə olunur.
