Almatı şəhərində ulu öndərin anım mərasimi ilə bağlı tədbir keçirildi – FOTOLARbackend

Almatı şəhərində ulu öndərin anım mərasimi ilə bağlı tədbir keçirildi - FOTOLAR

Qazaxıstanın Almatı şəhərində Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tədbirdə Qazaxıstan Parlamenti Məclisinin deputatları, Azərbaycan Səfirliyinin əməkdaşları,  Qazaxıstan Xalqı Assambleyasının üzvləri, bu ölkədə yaşayan müxtəlif xalqların nümayəndələri, nüfuzlu ictimai-siyasi xadimlər, icma fəalları iştirak ediblər.

Qazaxıstan Parlamenti Məclisinin deputatı, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov bildirib ki, faşizm üzərində tarixi qələbənin qazanılmasında digər xalqlarla yanaşı, Azərbaycan və Qazax xalqlarının misilsiz xidmətləri olub. Yüz minlərlə azərbaycanlı və qazax Berlinədək şanlı döyüş yolu keçib və partizan dəstələrinin tərkibində vuruşaraq qələbədə inamlı rol oynayıblar.

Azərbaycanın Qazaxıstandakı Səfirliyinin konsulu Ülvi Baxşaliyev qeyd edib ki, 9 və 10 may tarixlərində Azərbaycan xalqı iki önəmli tarixi günü ardıcıl qeyd edir. Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb, onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Qələbədə həmçinin Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub.

Diplomat diqqətə çatdırıb ki, Qələbə günü ilə birlikdə anadan olmasının 78-ci ildönümünü fəxarətlə qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərmiş, onları “xalqımızın qızıl fondu” adlandırmışdır. Bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi çağdaş tariximizdə əbədiləşmış, vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Onun əsasını qoyduğu strateji inkişaf xəttini inkişaf etdirərək, Prezident İlham Əliyev erməni faşizmi üzərində tarixi qələbəni təmin etmişdir. Bunun nəticəsidir ki, bu il Azərbaycan xalqı ilk dəfədir ki, 1941-1945-ci illər faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat qürur hissi ilə qeyd edir.

Tədbirin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan hissəsində tanınmış elm xadimləri və diaspora fəalları geniş məruzə ilə çıxış ediblər. Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədr müavinləri Allahverdi Məmmədov, Qəhrəman Sadiyev və Eyvaz Məmmədhəsənov, Qazaxıstan Xalqları Assambleyasının veteran üzvü, nüfuzlu ictimai xadim və alim Asılı Osmanqızı, yazıçı Nəsihə Qumarqızı, “Filiya” Qazaxıstan Yunanları Assosiasiyasının sədri Georgi İordanidi və digərləri Ulu öndərin fəaliyyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda müharibə veteranlarına Qazaxıstan Azərbaycanlıları Assosiasiyası adından hədiyyələr təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*