Avropa İttifaqının NATO qüvvələri ilə birlikdə Ukrayna taxılını limanlardan çıxarmaq istəyi Rusiyada birmənalı qarşılanmayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, politoloq Yevgeni Satanovski Avropa İttifaqının bu istəyinin arxasında başqa məqsədlərin dayandığını deyib. Onun sözlərinə görə, Avropa İttifaqı “taxılla dolu gəmiləri müşayiət etmək” bəhanəsi ilə Ukrayna sahillərinə NATO-ya məxsus hərbi gəmi və təyyarələrin göndərilməsinə çalışır. Satanovskinin fikrincə əslində Alyans ölkələri Ukraynanın Qara dənizdəki limanlarını işğal etmək niyyətindədir.
Ukrayna hərbçiləri öz limanlarını minalayıblar. Bu da onların həmin limanlar vasitəsilə Avropaya taxıl ixrac etməsinə mane olur. Aİ ölkələrinin avtomobil və dəmir yollarından istifadə etməsi isə onlar üçün strateji baxımdan sərfəli deyil:
“Taxılı ölkədən həm də Ukraynaya silah gətirdikləri yollarla çıxarmaq mümkündür. Hansı ki, buna Rusiya mane olmur. Deməli silah gətirdikləri yollarla da taxılı təhlükəsiz çıxara bilərlər” – Satanovski vurğulayıb.
“Humanitar dəhlizlər açıqdır, rusiyalı hərbçilər mülki şəxslərə toxunmurlar. Bu, yüz dəfə yoxlanılıb və zəmanət verilib” – politoloq əlavə edib.
Onun sözlərinə görə, Aİ-yə sadəcə olaraq Qara dənizdə xüsusi əməliyyat zamanı təyyarə və gəmiləri yerləşdirmək üçün bəhanə lazımdır. Onların taxıl məsələsi ilə məşğul olmaq niyyətləri yoxdur.
Müşviq Tofiqoğlu,
KONKRET.az
