Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfridlə telefon danışığı aparıb.
KONKRET.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər regional təhlükəsizlik və sabitliyin bir sıra məsələlərini müzakirə ediblər.
Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələri təqdim edib.
Tərəflər regional nəqliyyat infrastrukturlarının və iqtisadi əlaqələrin blokunun açılması prosesi, sərhəd təhlükəsizliyi komissiyalarının işi və iki ölkə arasında sərhədin delimitasiyası məsələlərinə toxunublar.
Onlar Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iyulun 16-da Tbilisidə keçirilən görüşü barədə də fikir mübadiləsi aparıblar.
Ararat Mirzoyan deyib ki, Ermənistan tərəfi Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində ATƏT-in Minsk Qrupunun və həmsədr ölkələrin həmsədrliyinin roluna önəm verməkdə davam edir.
Xuraman Etibarlı,
KONKRET.az
