“Deputat mandatına vaxtından əvvəl xitam verilməsi yalnız qanunda birbaşa göstərilən əsaslarla mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinə görə, Milli Məclisin deputatı seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə, Azərbaycan vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, cinayət törətdiyinə görə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda mandatından məhrum edilə bilər”.
Bu fikirləri vəkil Roman Qaraşov KONKRET.az-a açıqlamasında səsləndirib:

“Eyni zamanda, deputatın dövlət orqanında vəzifə tutması, din xadimi fəaliyyəti, sahibkarlıq və kommersiya ilə məşğul olması, eləcə də elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli işdə çalışması mandatını itirməsi məsələsini gündəmə gətirir.
Deputatın özünün mandatdan imtina etməsi də ayrıca hüquqi əsasdır. Konstitusiyanın 89-cu maddəsi həmçinin deputatın səsvermə hüququnu şəxsən həyata keçirmək tələbini pozmasını və deputat üçün müəyyən edilmiş etik davranış qaydalarını kobud şəkildə pozmasını mandatdan məhrumetmə əsası kimi müəyyən edir. Burada bir məqam xüsusilə vacibdir: sadəcə siyasi fikir, parlamentdə səsləndirilmiş mövqe və ya deputatın səsverməsi özü-özlüyündə mandatın ləğvi üçün əsas ola bilməz. Konstitusiyanın 91-ci maddəsinə görə deputat Milli Məclisdəki fəaliyyətinə, səsverməsinə və söylədiyi fikrə görə məsuliyyətə cəlb edilə bilməz”.
Vəkil vurğulayır ki, prosedur isə əsasdan asılı olaraq fərqlənir.
“Seçkilərdə səslərin düzgün hesablanmaması müəyyən edilərsə, Seçki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qərarı Konstitusiya Məhkəməsi qəbul edir. Deputatın cinayət törətməsinə dair qanuni qüvvəyə minmiş hökm olduqda mandatdan məhrumetmə məsələsi müvafiq məhkəmənin qərarı ilə həll olunur. Vətəndaşlıqdan çıxma, başqa vətəndaşlıq qəbul etmə, deputatlıqla bir araya sığmayan fəaliyyət, mandatdan könüllü imtina, şəxsi səsvermə qaydasının pozulması və etik davranış qaydalarının kobud pozulması hallarında isə mandatdan məhrumetmə haqqında qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir. Deputatın uyğun olmayan fəaliyyətlə məşğul olması, şəxsi səsvermə qaydasını və ya etik davranış qaydalarını kobud şəkildə pozması hallarında Milli Məclisin Daxili Nizamnaməsinin 23-cü maddəsinə əsasən məsələ əvvəlcə İntizam komissiyasında araşdırılır və əsaslar təsdiqini taparsa materiallar Mərkəzi Seçki Komissiyasına göndərilir. Mərkəzi Seçki Komissiyasının belə qərarı da yekun və mübahisəsiz deyil: İnzibati Prosessual Məcəllənin 130-1-ci maddəsinə görə həmin qərardan 10 gün ərzində apellyasiya instansiyası məhkəməsinə, daha sonra isə Ali Məhkəməyə şikayət verilə bilər”.
O, əlavə edib ki, yəni deputat mandatı siyasi qərarla istənilən vaxt ləğv edilə bilən status deyil.
“Mandatdan vaxtından əvvəl məhrumetmə yalnız Konstitusiyada nəzərdə tutulmuş konkret əsas, həmin əsasın sübut olunması və qanunla müəyyən edilmiş prosedurun gözlənilməsi ilə mümkündür”.
Aynurə İsmayıl
KONKRET.az
