“Avropada ekotualetlərdən çox geniş istifadə olunur” – Deputat əhalini suyu israf etməməyə çağırdıbackend

"Avropada ekotualetlərdən çox geniş istifadə olunur" - Deputat əhalini suyu israf etməməyə çağırdı

“Bu günləri ölkəmizin qarşısında dayanan strateji vəzifə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması siyasətidir. Artıq bu siyasətin reallaşdırılması prosesinə başlanılıb”.

KONKRET.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat vurğulayıb ki, Qarabağda erməni vandalları hər şeyi məhv etdiklərinə görə, orada hər şey sıfırdan başlanılır:

“Sıfırdan başlanırsa, onda mütərəqqi dünyanın şəhər quruculuğu sahəsində ən uğurlu hansı praktikası varsa, həmin praktikadan da istifadə olunur və onun tətbiqi reallaşdırılır. Nəzərə alsaq ki, 21-ci əsr texnologiyalar əsridir və bu sahədə çox böyük tərəqqi müşahidə olunmaqdadır. Qarabağın bərpası prosesində də məhz eyni metodoloji yanaşma özünü göstərir. Yəni, əgər biz sıfırdan kənd yaradırıqsa, niyə onu elə 100 il-200 il bundan qabaq olan kənd kimi yaradaq? Artıq 21-ci əsrin kəndi yaradılır və ona “smart kənd”, “ağıllı kənd” deyilir. Yəni, “Ağıllı kənd” o, deməkdir ki, onun idarəçiliyi elektron sistem vasitəsilə həyata keçirilir, hər şey nəzarətdədir, hər şey elektron qaydada sürətli yüksək templə həyata keçirilir və tənzimlənir. Qeyd edim ki, cənab Prezident Qarabağın yaşıl enerji zonasına çevrilməsini qarşısına məqsəd qoyub. Belə olan təqdirdə yaşıl enerji zonası həm də o, deməkdir ki, ekoloji baxımdan təmizlik məsələləri önə plana keçir. Yəni, ekoloji baxımdan Qarabağ region fərqlənməlidir, seçilməlidir. Həm də bu turizm nöqteyi-nəzərdən də olduqca əhəmiyyətlidir. Ona görə də, “eko” sözünün atılan addımların əvvəlinə əlavə edilməsi, həmin bu mənanı ifadə edir. Necə “smart” sözü nəyi ifadə edirsə, “eko” da bu halda artıq yeni yanaşmaları özündə ifadə edir. İstənilən məsələlərlə bağlı, atılan addımlarla bağlı ekoloji tərəfi ön plana keçir”.

Deputat diqqətə çatdırıb ki, ekoloji problemlər dünyanı narahat edən qlobal problemlər içərisində öncül sırada dayanır:

“Belə olan vəziyyətdə sıfırdan qurulan Qarabağda niyə də ekoloji sistemin saflığı, təmizliyi təmin edilməsin? Ona görə də, burada həm “Ağıllı kənd”, “Ağıllı şəhər” yanaşması, ağıllı idarəçilik yanaşması və paralel şəkildə də ekoloji baxımdan bütün bu proseslərin tənzimlənməsi, yüksək səviyyədə təmin olunması həyata keçirilir. Doğurdan da, Qarabağı ideal bir əraziyə çevirmək və dünyanın ən gözəl projelərindən birinə çevirmək bu nöqteyi-nəzərdən strateji hədəfdir və atılan addımlar da həmin strateji hədəfin reallaşmasına xidmət göstərir”.

E.Nəsirov diqqətə çatdırıb ki, əgər hər hansısa sözə “eko” sözü əlavə etdinsə, demək ilk növbədə həmin ərazinin təmizliyindən, onun ekoloji mühitinin qorunub saxlanılmasından gedir:

“Avropa ölkələrində su təminatı ilə bağlı ekotualetlərdən çox geniş şəkildə istifadə olunur. Elə yerlər var ki, suyu açıq vəziyyətdə qoyurlar və su hədərə işlənir, amma yeni texnoloji sistemlərin tətbiqi nəticəsində uzunmüddətdir ki, belə israfçılığın qarşısı alınır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*