“Cəmiyyətimizin siyasi fəallığının artırılması vacib məsələdir”- POLİTOLOQbackend

"Cəmiyyətimizin siyasi fəallığının artırılması vacib məsələdir"- POLİTOLOQ

Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və qəbul etdiyi əvəzsiz nailiyyətdir. Tarixi hadisələr də təsdiq edib ki, insan hüquqlarına hörmət və bu sahəyə dövlət səviyyəsində diqqət yetirmək müasir dünyaya qovuşmağın əsas yoludur. Demokratik proseslərin və milli inkişafın ən vacib şərti kimi qəbul olunan insan hüquqlarına hörmət və onların müdafiəsi hər bir dövlətin ali vəzifəsidir. Bu gün Azərbaycanın dünya birliyində müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi, habelə müdafiə olunması məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın tərəqqisini “insan meyarı”nın inkişafında görməsi, eləcə də insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq etməsi bu sahənin inkişafına əvəzsiz töhfələr verib.

Odur ki, aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulmasına, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatların yaradılmasına, ictimai-siyasi sabitlik və əmin-amanlığın bərqərar edilməsinə, eləcə də qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyətinin formalaşdırılmasına nail olunub. Əsası Ulu Öndər tərəfindən qoyulan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə heç kimə sirr deyil. Belə ki, 2006-cı ildə qəbul edilən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edir.

Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynovun sözlərinə görə, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi dövlətin ən prioritet vəzifələrindən biri hesab olunur: “Vətəndaşların siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi də çox önəmli və vacib amil kimi dəyərləndirilir. Eyni zamanda Azərbaycan cəmiyyətinin siyasi cəhətdən savadlı olduğunu əminliklə söyləmək mümkündür. Bu, regionumuz və tarixi keçmişimizlə əlaqəli olan bir məsələdir. Çünki biz tarixən böyük dövlətlərin maraqlarının kəsişdiyi bir bölgədə yaşamışıq. Müxtəlif dövlətlər süquta uğrayıb yeni imperiyalar yarandıqca və dünyanın maraq bölgüsü formalaşdıqca, ölkəmizin başının üzərini qara buludlar alıb. Odur ki, biz xalq olaraq tarixdən yaxşı nəticələr və dərslər çıxarmağı bacarmışıq”.

Bəzi məqamlar hələ də açıq qalır”-İlyas Hüseynov

İlyas Hüseynov bildirib ki, otuz il öncə torpaqlarımız işğala məruz qalanda da Azərbaycan xalqı siyasi cəhətdən savadlı idi: “SSRİ-nin dağılması ərəfəsində müstəqilliyimizi qazanmağımız, meydan hərəkatının formalaşması, 90-cı ilin “Qanlı Yanvar” hadisələrindən alnı açıq çıxmağımız məhz siyasi savadlılığımızın təzahürü kimi dəyərləndirilə bilər. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə Azərbaycanda demək olar ki, bütün sahələrdə inkişaf nəzərə çarpmağa başladı. Ordu quruculuğuna, iqtisadi inkişaf templərinin artırılmasına xüsusi diqqət yönəldildi. Bu gün biz Vətən müharibəsində tarixi zəfər qazandığımız üçün çox xoşbəxt xalqıq. Beynəlxalq hüququ və ədaləti bərqərar etmişik. BMT-nin 4 qətnaməsi hərbi-siyasi yollarla icra olunub. Məhz bugünki reallıqla fonunda cəmiyyətimizin siyasi fəallığının artırılması da vacib məsələlərdən biri hesab olunur”.

Politoloq əlavə edib ki, müxtəlif ali təhsil müəssisələrində və orta məktəblərdə Azərbaycan tarixinin təbliği, müasir geosiyasi vəziyyətimiz haqda geniş biliklər gənclərimizə ötürülür: “Bu gün Azərbaycan gəncliyi qalibdir. Onların arzu-istəkləri və gələcəklə bağlı planları mövcuddur. Heç şübhəsiz ki, dünyada gedən prosesləri izləmək, siyasi savadlı olmaq, ölkənin keçmişini bilərək gələcəyini müəyyənləşdirmək arzusu olan gənclər ölkəni irəli aparacaqlar. Bu cür savadlı, intellektli və dövrün tələblərinə cavab verən, Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəməyən şəxslər ölkəmizin bundan sonra da güclənməsi istiqamətində xidmət göstərəcəklər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*