Xaçmazda vəzifəli şəxsi bıçaqlayanla bağlı QƏRARbackend

Xaçmazda vəzifəli şəxsi bıçaqlayanla bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxs Kamran Tağıyevin (soyadı şərtidir) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2025-ci ilin yanvar ayının 15-də Xaçmaz rayonunun Xudat şəhərində baş verib.

Belə ki, Kamran Tağıyev orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində axşam saatlarında şəhər parkında tanışı, zərərçəkmiş olan və hüquq-mühafizə orqanlarından birində çalışan zərərçəkmiş İ.İ. (adı, soyadı şərtidir) ilə qarşılaşıb. O, zərərçəkmişə peşə fəaliyyəti ilə bağlı nalayiq ifadələr işlədib və tərəflər arasında mübahisə yaranıb.

Ətrafdakı şəxslər vaxtında müdaxilə edərək mübahisənin böyüməsinin qarşısını alsalar da, təqsirləndirilən şəxs bununla kifayətlənməyib. O, evinə gedərək mətbəx bıçağını götürüb yenidən İ.İ.-ni axtarmağa çıxıb.

İş materiallarına görə, həmin gün saat 23 radələrində Xudat şəhərinin S.Stallı küçəsində Kamran zərərçəkmişi taparaq bıçaqla ona iki zərbə endirib. Zərbələrdən biri zərərçəkmişin kürək nahiyəsinə, digəri isə sağ əlinə dəyib.

Məhkəmədə ifadə verən Kamran Tağıyev özünü yalnız qismən təqsirli hesab edib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*