200 illik sirr 6 saata çözüldü: Napoleonun şifrəli məktubunda nə yazılıb?backend

200 illik sirr 6 saata çözüldü: Napoleonun şifrəli məktubunda nə yazılıb?

1809-cu ildə Fransa imperatoru Napoleon Bonapartın generalına göndərdiyi və 200 ildən artıq müddətdə məzmunu məlum olmayan şifrəli məktub süni intellektin köməyi ilə deşifrə edilib.

Məktubu GPT-6 Astra adlı süni intellekt sistemi təxminən altı saata oxunaqlı mətnə çevirib.

Söhbət Napoleonun Avstriya ilə müharibəyə hazırlaşdığı 1809-cu ildə general Ogüst de Marmona göndərilən məktubdan gedir. Həmin vaxt Mar­monun rəhbərlik etdiyi fransız qoşunları əsas qüvvələrdən ayrı düşmüşdü. Napoleon general ilə əlaqə yaratmaq üçün ögey oğlu, İtaliya vitse-kralı Yevgeni de Boarneni göndərib.

Boarne general Marmona hərbi planların əks olunduğu şifrəli məktub təqdim edib. Lakin şifrənin açarı günümüzə gəlib çatmadığından məktubun məzmunu iki əsrdən artıq müddət ərzində sirr olaraq qalıb.

Məktubun şifrəsini SentinelOne şirkətinin süni intellekt mühəndisi və kibertəhlükəsizlik mütəxəssisi Karter Çörç açmağa nail olub. O, bu barədə şəxsi bloqunda məlumat verib.

175 şifrəli işarə süni intellekt tərəfindən təhlil edilib

Çörç məktubun surətini tarixi kriptoqrafiyaya həsr olunmuş Cryptiana bloqu vasitəsilə tapıb. Məktubun surəti hələ 1969-cu ildə Fransa ordusunun jurnalında dərc olunmuşdu.

Mütəxəssis məktubu GPT-6 Astra vasitəsilə deşifrə etməyə qərar verib. Buna səbəb süni intellekt sisteminin İkinci Dünya müharibəsi dövründə istifadə olunan “Enigma” şifrələmə maşınının mesajını da yaxınlarda açması olub.

Məktubun deşifrə olunması təxminən altı saat çəkib.

Araşdırmaya görə, Napoleonun məktubu homofonik şifrə ilə hazırlanıb. Bu üsulda eyni hərf üçün bir neçə fərqli şərti işarədən istifadə olunur.

Məktubdakı 33 işarənin mənası əvvəllər müəyyən edilmişdi. Astra əvvəlcə sənədi sətirlərə bölüb, daha sonra məktubdakı 175 əl yazısı işarəsini müəyyənləşdirib. Ardınca naməlum simvollar üçün müxtəlif variantları sınaqdan keçirərək onların hansı kombinasiyada məntiqli mətn yaratdığını yoxlayıb.

Nəzəri baxımdan belə bir şifrəni insanın özü də açması mümkün idi. Lakin bunun çox uzun və zəhmət tələb edən proses olacağı bildirilir.

Napoleon generalına nə yazmışdı?

Deşifrə edilən məktubun məzmunu onun hərbi xarakter daşıdığını göstərib.

Napoleon general Marmona Fransa qoşunlarının yerləşməsi və say tərkibi barədə məlumat verib. İmperator həmçinin Avstriya ordusunun ehtimal olunan hücum istiqamətləri barədə xəbərdarlıq edib və əsas fransız qüvvələrindən ayrı düşən generalı geri çəkilməməyə çağırıb.

Napoleon məktubunda Marmona belə yazırdı:

“Sizə irəliləmək əmri veriləndə bir neçə hərbi dəstədən və ya izdihamdan qorxaraq geri çəkilməyin.”

Məktubun deşifrə edilməsi Napoleonun 1809-cu il hərbi kampaniyası ilə bağlı həmin dövrə aid əlavə məlumatların üzə çıxarılması baxımından da əhəmiyyətlidir.

General Marmonun taleyi

1809-cu ildəki müharibə general Marmon üçün uğurlu başa çatıb. O, fransız qoşunlarını Dalmasiyadan – indiki Xorvatiya ərazisindən çıxararaq Napoleonun əsas qüvvələri ilə birləşib.

Marmon daha sonra kampaniyanın son böyük döyüşündə də iştirak edib.

Fransanın qələbəsindən sonra Napoleon onu marşal rütbəsinə yüksəldib.

Beləliklə, iki əsrdən artıq müddət ərzində sirr olaraq qalan Napoleon məktubunun məzmunu müasir süni intellekt texnologiyasının köməyi ilə üzə çıxarılıb.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*