Xüsusi şərtlərlə pensiya alan deputatların, yüksək vəzifəli şəxslərin, diplomatların və dövlət qulluqçularının pensiya təminatında dəyişiklikləri nəzərdə tutan qanun layihəsi ictimai müzakirələrə səbəb olub. Layihənin qəbul ediləcəyi təqdirdə, bu kateqoriyadan olan şəxslərin pensiyalarının hesablanması mexanizmində hansı yeniliklərin tətbiq olunacağı və bunun mövcud pensiya məbləğlərinə necə təsir göstərəcəyi maraq doğurur.
Bəs yeni qaydalar pensiyaların artmasına, azalmasına, yoxsa yalnız onların hesablanma prinsipinin dəyişməsinə gətirib çıxaracaq?
Mövzu ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabirin (Abdullayeva) KONKRET.az-a açıqlamasın da bildirib ki, hazırkı sistemdə müəyyən kateqoriyalara aid şəxslərin pensiyasına qulluq stajına görə ödənilən əlavə vəzifədə olan şəxsin həmin dövrdəki əməkhaqqı ilə əlaqələndirilir.

“Yeni qanun layihəsində əməkhaqqına birbaşa bağlı olan mövcud “qulluq stajına görə əlavə” mexanizminin əvəzinə yeni yanaşma təklif olunur. Bu yanaşmaya əsasən, əmək pensiyası şəxsin fərdi pensiya kapitalı əsasında hesablanacaq, əlavə təminat isə ayrıca “aylıq pensiya əlavəsi” formasında həyata keçiriləcək.
Layihə sabiq deputatları, Hesablama Palatasının sabiq üzvlərini, sabiq Ombudsmanı, sabiq MSK üzvlərini, sabiq dövlət qulluqçularını və diplomatik xidmət əməkdaşlarını əhatə edir.
Layihə əsasən gələcəkdə pensiya təyin edilərkən tətbiq olunacaq hesablanma mexanizmini dəyişir. Artıq təyin edilmiş pensiyaların avtomatik olaraq azaldılması nəzərdə tutulmur”.
Ekspertin sözlərinə görə, yeni sistemdə pensiya təminatının iki əsas komponentdən formalaşması nəzərdə tutulur. Birinci komponent şəxsin fərdi hesabında toplanmış pensiya kapitalı əsasında müəyyən edilən əmək pensiyası, ikinci komponent isə qanunvericilikdə nəzərdə tutulan xüsusi kateqoriyalara ödəniləcək aylıq pensiya əlavəsidir. Bu əlavənin konkret məbləğinin ayrıca səlahiyyətli qurum tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
“Bu baxımdan, ‘hamının pensiyası artacaq’ və ya ‘hamının pensiyası azalacaq’ demək düzgün olmaz”, – deyə professor bildirib.
O, vurğulayıb ki, konkret şəxsin pensiyasının yeni mexanizm üzrə hansı məbləğdə olacağını müəyyən etmək üçün həmin şəxsin pensiya kapitalı, sığorta və qulluq stajı, vəzifə tarixçəsi, habelə aylıq pensiya əlavəsinin konkret məbləği nəzərə alınmalıdır. Hazırkı layihə mətnində bu kateqoriyaların hamısı üçün vahid məbləğ müəyyən edilməyib.
Professor qeyd edib ki, layihədə qüvvəyə minmə tarixləri ilə bağlı da fərqli müddəalar nəzərdə tutulur. Belə ki, bəzi müddəaların 2026-cı il 1 oktyabrdan, digər əsas müddəaların isə 2027-ci il 1 yanvardan qüvvəyə minməsi təklif olunur.
“Ümumilikdə, söhbət pensiyanın sadəcə faizinin artırılması və ya azaldılmasından deyil, onun hesablanması və əlavə təminat mexanizminin dəyişdirilməsindən gedir. Əsas dəyişiklik gələcək pensiya təyinatlarında əməkhaqqı ilə pensiya arasındakı birbaşa əlaqənin aradan qaldırılması və fərdi pensiya kapitalı əsasında hesablanan əmək pensiyası ilə ayrıca aylıq pensiya əlavəsi modelinə keçiddir”, – deyə professor əlavə edib.
Professor bildirib ki, Azərbaycanda vətəndaşların pensiya təminatı 2006-cı ildən etibarən fərdi uçot və sosial sığorta prinsipləri əsasında həyata keçirilir. Onun sözlərinə görə, bu baxımdan pensiya təminatı və indeksasiya mexanizmlərinin sosial sığorta prinsipləri ilə uyğunluğunun təmin olunması və daha da təkmilləşdirilməsi vacibdir.
Aynurə İsmayıl
KONKRET.az
