Azərbaycan Türkmənistandan nə alır və nə satır?backend

Azərbaycan Türkmənistandan nə alır və nə satır?

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun mətbuata açıqlamalarında iqtisadi əlaqələrin daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən layihələrə xüsusi yer ayrıldı”.

KONKRET.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.

Deputat imzalanan anlaşmalar iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyini deyib.

“Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ölkələr arasında iqtisadi əməkdaşlığı daha da inkişaf etdirərək şaxələndirmək üçün böyük potensial var. Əsas prioritet qeyri neft-qaz sektoru üzrə dərinləşmiş əməkdaşlığa nail olmaqdır”, – deyə Vüqar Bayramov bildirib.

Bəs, Türkmənistandan hansı məhsulları alırıq və qardaş dövlətə nə satırıq?

“Azərbaycan ilə Türkmənistan arasındakı ticarət dövriyyəsi həm enerji, həm də qeyri neft-qaz məhsullarını əhatə edir. 2026-cı ilin ilk 4 ayında Azərbaycan Türkmənistandan reaktiv mühərriklər üçün kerosin yanacağı (4 milyon 190 min dollar), mineral və ya kimyəvi azot gübrələri, suda məhlulu (1 milyon 980 min dollar), emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevirmələr üçün maye yanacaq (1 milyon 496 min dollar), sürtkü yağları (944 min dollar), şokolad və ondan hazırlanan digər məmulatlar (638 min dollar), kimyəvi toxuculuq materiallarından olan kisə və paketlər (363 min dollar) və digər məhsulları idxal edib.

Azərbaycanın Türkmənistana ixracına gəldikdə isə ağ şəkər və kimyəvi cəhətdən təmiz saxaroza (6 milyon 47 min dollar), dəmirdən və ya aşqarlanmamış poladdan isti yayılmış, yaymadan sonra oyuqları və çıxıntıları olan məhsullar (4 milyon 885 min dollar), kimyəvi çevirmələr üçün sürtkü yağları (1 milyon 913 min dollar), kərə yağı (929 min dollar), ağır distilyatlar, qazoyllar, dizel yanacağı (514 min dollar) və digər məhsulları qardaş dövlətə satırıq.

Bütövlükdə, sözügedən dövrdə Azərbaycan ilə Türkmənistan arasında 199 məhsul növü üzrə idxal və ixrac əməliyyatları həyata keçirilib. Qarşılıqlı yüksəksəviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açacağı gözlənilir”, – deyə iqtisadçı qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*