Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri bölgənin strateji əhəmiyyəti, təhlükəsizlik məsələləri və sosial-iqtisadi inkişaf perspektivləri baxımından diqqət çəkən hadisələrdən biridir. Naxçıvanın Ermənistan və İranla həmsərhəd olması, Azərbaycanın əsas ərazisindən ayrı yerləşməsi və regionda gedən geosiyasi proseslər fonunda xüsusi mövqeyə malik olması Prezidentin səfərinin əhəmiyyətini daha da artırır.
Son dövrlərdə Naxçıvanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi, infrastrukturun yenilənməsi, iqtisadi potensialın artırılması və müdafiə imkanlarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bölgəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini göstərir.
Prezident İlham Əliyevin səfər çərçivəsində bir sıra mühüm obyektlərin açılışında iştirakı, görülən işlərlə tanış olması və müdafiə imkanlarının gücləndirilməsi istiqamətində atılan addımları diqqətdə saxlaması Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm mesajlar kimi qiymətləndirilir.
Bəs Prezidentin Naxçıvana səfəri bölgənin gələcək inkişafı və təhlükəsizlik arxitekturası baxımından hansı əhəmiyyətə malikdir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri böyük əhəmiyyət daşıyır və strateji xarakterlidir.

“Çünki Naxçıvan Azərbaycanın strateji coğrafi məkanlarından biridir. Üç ölkə ilə sərhədi olan bu bölgənin, xüsusilə İran və Ermənistanla həmsərhəd olması onun strateji əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə Azərbaycan Prezidentinin Naxçıvana səfər etməsi bölgənin dövlətin xüsusi diqqət mərkəzində olduğunu göstərir.
Rəsmi Bakı Naxçıvanın inkişaf perspektivlərini yenidən qiymətləndirir. Muxtar respublika üçün yeni inkişaf mərhələsinin başlanmasına yönəlmiş addımların atıldığı açıq şəkildə müşahidə olunur.
Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvanda mühüm obyektlərin açılışında və dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə yönəlmiş tədbirlərdə iştirakı həm Naxçıvan, həm də bütövlükdə Azərbaycan üçün böyük əhəmiyyət daşıyır”.
Politoloqun sözlərinə görə, Naxçıvanın müdafiə imkanlarının gücləndirilməsi də səfərin əsas istiqamətlərindən biri kimi diqqət çəkir:
“Xüsusilə Azərbaycan Prezidentinin Naxçıvanda yeni komando qüvvələrinin yaradılması ilə bağlı prosesdə iştirakı bölgəyə göstərilən diqqətin bariz nümunəsidir. Prezident İlham Əliyev Naxçıvanın müdafiə sisteminin gücləndirilməsi istiqamətində mühüm addımlar atır. Yeni komando qüvvələrinin yaradılması da məhz bu prosesin tərkib hissəsidir”.
Elçin Xalidbəylinin fikrincə, rəsmi Bakı Naxçıvanın daha güclü və effektiv müdafiəsini təmin etmək üçün yeni təhlükəsizlik və müdafiə sisteminin qurulması prosesini intensivləşdirir:
“Bütün bunları nəzərə aldıqda, Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfərinin həm muxtar respublika, həm də bütövlükdə Azərbaycan üçün strateji xarakter daşıdığını söyləmək mümkündür.
Səfərin müsbət nəticələrini artıq müşahidə etməyə başlamışıq. Bu səfərin daha mühüm və genişmiqyaslı nəticələrinin isə yaxın vaxtlarda daha qabarıq şəkildə özünü göstərəcəyi gözlənilir”.
Aynurə İsmayıl
KONKRET.az
