Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib.
Qeyd edək ki, bir müddət əvvəl Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın BRİCS-ə üzv olmaq niyyətini təsdiqləmişdi.
Bu təşkilatdan gözləntilər nələrdir? Bura üzv olmaq Azərbaycana nələr qatacaq?
KONKRET.az xəbər verir ki, bu sualları politoloq Turan Rzayev referans.az-a açıqlamasında cavablandırıb.
“İndiki məqamda BRİCS iqtisadi bir təşkilatdır. Bu təşkilata üzv olan ölkələrə nəzər saldıqda arealının geniş olduğunu görmək olar. Mən BRİCS-i daha çox Avropa İttifaqının ilk vaxtlarına bənzədirəm. Lakin burada konkret bir qitənin ölkələri əhatə olunmur. Bu həm də BRİCS-in daha planetar səviyyədə bir təşkilat olma vizyonunu da göstərir. BRİCS üzvlərinə baxdıqda biz Rusiyanı, Çini, Hindistanı, Brazilyanı, Cənubi Afrikanı görə bilərik. Bu ölkələr inkişaf etməkdə olan böyük sənayeyə malik ölkələrdir və bu da yeni bazarlar deməkdir. Azərbaycanın BRİCS təşkilatına üzv olmaq istəyi artıq hamıya bəllidir. Biz bu təşkilata üzv olarsaq, şübhəsiz ki, bu, bizə yeni ticari bazarlar aça bilər. Eyni zamanda bu, siyasi münasibətlərimizə də təsir edə bilər”.
Politoloq qeyd edib ki, hazırda Azərbaycanın BRİCS-də olmasını istəyən əsas ölkələr Çin və Rusiyadır. Bu ölkələrin Azərbaycana verdiyi dəyər və önəmi açıq-aydın görmək olar.
“Bəzən BRİCS-i qütbləşmə kontestində də işarə edirlər amma mən bununla razılaşmıram. BRİCS iqtisadi təşkilatdır, bloklaşma demək deyil. İqtisadi təşkilatlar daha çox iqtisadi maraqlar ətrafında formalaşdırılır. Azərbaycanın da iqtisadi maraqları var. Prinsip olaraq Azərbaycan hansısa tərəf tutmur, qütbləşməyə meyilli deyil, əksinə balanslaşdırılmış siyasət yeridir. Avropa ilə də geniş əlaqələrimiz var. BRİCS-ə üzvlüyün bizə hansısa mənfi tərəfi olacağını düşünmürəm. Ola bilər ki, bəzi Avropa ölkələri buna narazı olsunlar amma mən bunun bizə ciddi maneə törədəcəyini düşünmürəm. Çünki belə olan halda Cənubi Afrikaya da təzyiq edə bilərdilər”.