Həyat üçün risk yaradan ağaclarla bağlı vacib qaydalar: Nazirlik xəbərdarlıq edir, əgər özünüz kəssəniz…backend

Həyat üçün risk yaradan ağaclarla bağlı vacib qaydalar: Nazirlik xəbərdarlıq edir, əgər özünüz kəssəniz...

Son illər həm Bakıda, həm də regionlarda quruyan və ömrünü başa vuran ağacların sayı ilə bağlı narahatlıqlar artır. Xüsusilə, güclü külək və ya əlverişsiz hava şəraitində bu ağacların budaqlarının qırılması, bəzən isə tamamilə aşaraq insanların həyat və sağlamlığına təhlükə yaratması halları müşahidə olunur. Belə hadisələr nəticəsində avtomobillərə, yaşayış evlərinə və digər əmlaklara ziyan dəydiyi barədə məlumatlar da vaxtaşırı gündəmə gəlir. Mütəxəssislər bildirirlər ki, vaxtında nəzarət edilməyən qurumuş ağaclar şəhər infrastrukturu üçün ciddi risk mənbəyinə çevrilə bilər.

Digər tərəfdən, yaşıllıqların qorunması ilə bağlı qanunvericilik ağacların özbaşına kəsilməsini qadağan edir. Bu isə təhlükə yaradan belə ağaclarla bağlı hansı addımların atılmalı olduğu sualını gündəmə gətirir. Bəs ömrünü başa vuran və ətrafdakılar üçün təhlükə yaradan ağacların kəsilməsinə icazə verilirmi, vətəndaşlar belə ağacları özləri kəsə bilərmi, yoxsa bunun üçün xüsusi prosedurlar mövcuddur?

Mövzu ilə bağlı KONKRET.az-a danışan ekoloq Rövşən Abbasov bildirib ki, qurumuş və ya insan həyatı, elektrik xətləri, kommunikasiya şəbəkələri üçün risk yaradan ağacların götürülməsi mümkündür, lakin bu proses qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.

Rövşən Abbasov: Azərbaycanda tezliklə milli biomüxtəliflik fəaliyyət planı  qəbul olunacaq - AZƏRTAC

Onun sözlərinə görə, ictimai və ya bələdiyyə mülkiyyətində olan ərazilərdəki ağacların kəsilməsi üçün vətəndaşlar əvvəlcə yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidirlər. Daha sonra aidiyyəti qurumlar məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturlarına müraciət edirlər.

“Əraziyə baxış keçirilir, ağacın vəziyyəti qiymətləndirilir və onun həqiqətən quruduğu, yaxud təhlükə yaratdığı müəyyənləşdirilir. Yalnız müsbət qərardan sonra ağacın götürülməsinə icazə verilir”, – deyə ekoloq vurğulayıb.

R.Abbasov qeyd edib ki, özəl mülkiyyətdə yerləşən ağaclarla bağlı qaydalar müəyyən qədər fərqli olsa da, xüsusi əhəmiyyət daşıyan və ya yaşı çox olan ağacların kəsilməsi üçün mütləq rəsmi icazə tələb edilir.

“Torpaq sahəsi özəlləşdirildikdən sonra həmin ərazidə olan ağac avtomatik olaraq sahibinin istədiyi kimi istifadə edə biləcəyi obyektə çevrilmir. Belə ağacların qanunsuz kəsilməsi ciddi məsuliyyət və ağır cərimələrlə nəticələnə bilər”, – deyə o, bildirib.

Ekoloq hesab edir ki, yaşıllıqların qorunması məqsədilə mövcud nəzarət mexanizmləri daha da gücləndirilməli, ağacların kəsilməsi ilə bağlı qərarlar yalnız müvafiq ekspertiza və rəy əsasında qəbul edilməlidir.

Məsələ ilə bağlı KONKRET.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Yaşıllıqların götürülməsi Qaydası”na əsasən quruyan, qəzalı və ya xəstəliklərə yoluxan ağacların götürülməsi müəyyən prosedurlar əsasında həyata keçirilir.

Qurumun açıqlamasına görə, vətəndaşlar birbaşa ağac kəsə bilməzlər. Bunun üçün torpaq mülkiyyətçisi qismində çıxış edən mərkəzi və yerli icra hakimiyyəti orqanları və ya bələdiyyələr Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət etməlidirlər.

Agentliyin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilir, ağacların quruma səbəbləri araşdırılır, zərurət yarandıqda torpaq nümunələri götürülərək laborator analizlər aparılır. Nəticələr əsasında ağacın götürülməsinə dair rəy hazırlanır və qanunvericiliyə uyğun qərar qəbul edilir.

Nazirlikdən onu da bildiriblər ki, ağacların götürülməsinə müsbət rəy verildikdə torpaq mülkiyyətçisi tərəfindən ağacların götürülməsi həyata keçirilir.

Götürülən hər bir ağacın əvəzinə yerli iqlimə xas yeni tingin əkilməsi şərti qoyulur.

Beləliklə, təhlükə yaradan qurumuş ağacların kəsilməsi qanunla mümkündür. Ancaq bu proses yalnız rəsmi ekspertiza və icazə əsasında həyata keçirilə bilər. Özbaşına ağac kəsilməsi isə qanun pozuntusu hesab olunur və məsuliyyət yaradır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*