Milli Məclisin fəlsəfə fəvvarəsi, dahi ideyalar generatoru Aqil Abbas yenə dövlətçilik təfəkkürünün pik nöqtəsindədir. Deputatımız narahatdır, həm də necə! Tələbələr yayda, öz aramızdır, lap “avaralıq” edirlər. Nə var e orada dincəlməyə? Bütün ili imtahan stresi, kəsirlər, təqaüdsüzlük, avtobus basabasında can vermək bəs deyilmiş kimi, bir də yayda divana uzanmaq istəyirlər! Aqil müəllim də haqlı olaraq dözmür bu rəzalətə: “Durun, gedin Qarabağda könüllü işləyin, 3 min şəhid olub!” deyir.
KONKRET.az xəbər verir ki, ideyanın dahiyanəliyi qarşısında adamın gözləri yaşarır. Amma gəlin bu vizyoner layihəni bir az genişləndirək, “ədalət tərəzisini” bir yerdə quraq.
Aqil bəyin çağırışını eşidən kimi gözümün önünə möhtəşəm bir mənzərə gəlir:
Bakı Hava Limanında xüsusi çarter reysləri yerə enir. Londondan, Monakodan, Dubaydan,Parisdən, Maldiv adalarından təcili geri çağırılan məmur və deputat balaları təyyarənin pilləkənlərindən düşürlər. Əyinlərində Gucci fəhlə kombinizonları, əllərində Louis Vuitton bel-külüng dəstləri, başlarında isə xüsusi sapfirlərlə bəzədilmiş Prada kaskaları!
Nazir övladları növbəyə durublar, bir-birlərinə ürək-dirək verirlər:
“Ata, mən Monakoda yaxtada avaralıq etməkdən yorulmuşdum onsuz da. Gedirəm Füzulidə bürkünün altında, 45 dərəcə istidə könüllü kərpic kəsməyə! Qoy kasıb balaları ildə iki ay dəniz kənarında nəfəs alsın, növbə biz fədakar oliqarx ailələrindir!”
Necə mənzərədir? Bizcə, Aqil müəllim məhz bu ssenarini xəyal edirdi. Axı ola bilməz ki, hörmətli deputat şəhidliyi də, fəhləliyi də, qara əməyi də ancaq və ancaq birtəhər dolanan kasıbın, yetimin balasına rəva görsün. Yox, canım, Aqil bəy elə fərq qoyandır?!
Əslində kasıb tələbələr çox nankordur. Deputat onlara pulsuz, təmənnasız, həm də təmiz havada “fitnes” təklif edir. İdman zallarına o qədər pul verməkdənsə, get Qarabağda sement daşı, həm əzələn düzəlsin, həm də “avaralıq” etmə.
Amma nədənsə bu ölkədə rol bölgüsü çox maraqlı qurulub:
Vətəni qorumaq, can vermək, şəhid olmaq: Kasıbın balası.
Müharibədən sonra təmənnasız tər tökmək, daş daşımaq: Yenə kasıbın balası.Bəs məmur, deputat övladlarının payına nə düşür? Onlar da çox əziyyət çəkirlər, insaf edək. Onların da payına xaricdə təhsil alıb qayıtmaq, bər-bəzəkli holdinglərdə “müdir” kreslosuna oturmaq, tenderləri bölüşdürmək və yayda instaqramda lüks kurortlardan vətənpərvərlik statusları yazmaq düşür. Ağır yükdür, hər adam dözməz.
Aqil Bəyə Kiçik Bir Təklif, Hörmətli Aqil müəllim, bu dahi planınızı reallaşdırmaq üçün ilk addımı gəlin siz atın. Növbəti sessiyada Milli Məclisdə deputat həmkarlarınıza müraciət edin. Deyin ki: “Ay qardaşlar, yığın övladlarınızı, nəvələrinizi. Hamısının əlinə bir dənə bel verək, göndərək Ağdama, Şuşaya. Qoy bir az əlləri qabar olsun, bəlkə vətənin qoxusunu o qabarın içində hiss edərlər.”
Bax, bunu etsəniz, bütün tələbələr, bütün xalq sizin arxanızca gələr. Yox, əgər “vətənpərvərlik” deyilən şey ancaq villasında oturub xalqın kasıb təbəqəsinə ağıl verməkdən ibarətdirsə, onda icazə verin, o kasıb balaları heç olmasa iki ay öz “avaralıqları” ilə məşğul olsunlar. Çünki onlar bu vətən üçün borclarını canları ilə, qanları ilə çoxdan və artıqlaması ilə ödəyiblər!
Mənbə: “Bura yaz” səhifəsi

Hesab edirəm ki, hörmətli Aqil müəllim haqda bu cür “latent istehzalı” danışmaq doğru deyildir. Mənim Qarabağ bölgəsindən olmağımın bu həqiqəti deməyimlə heç bir əlaqəsi yoxdur. Heç bir şəxsə də şəxsi fikrimi sırımaq fikrində deyiləm. Aqil müəllimlə də heç bir şəxsi tanışlığım olmayıb. Lakin insafsız olaram ki, mediyadan Aqil müəllimin ədalətli mövqeləri mənim kimi milyonları həmişə məmnum etdiyini etiraf etməyim.
İndi də Tələbə İnşaat Dəstələri (TİD) haqda qısa təəssüratlarımı bölüşüüm. Xeyli yaşım var, elm adamıyam. Bununla belə hətta SSRİ dönəmində olsa da, TİD -də xeyli təcrübə və həyat dərsi almış minlərlə tələbə yoldaşlarım da mənimlə həmrəy olar ki, biz bu icmalarda yalnız bikarçılıqdan və ya maddi maraq naminə iştirak etməmişik. Sadəcə olaraq, Aqil müəllimin dediyi budur ki, (o demir ki, TİD-lərə yalnız aztəminatlı və ya iqtisadi cəhətcə zəif təminatlı ailələrin uşaqları cəlb edilsin!!! Və hətta tələbələrin bu fəaliyyət baş tutarsa, layihədən asılı olaraq onların maddi maraqlarının nəzərə alınması da qeyri-mümükün hesab edilməz) bu fəaliyyət 50 il əvvəl olduğu kimi indi də tələbələrimizə yeni kommunakasiya imkanlaraı açar və onların əlavə yaradıcılıq qabiliyyətlərini də üzə çıxarar. Bu mükəmməl bir təklifdir və bu təklifi Aqil müəllim həm də, icbari bir hadisə kimi şərh etmir. Gəlin düşünək, məgər uşaq düşərgələriində olduğu kimi TİD-lərdə də gənlərimiz mükəmməl təcrübə əldə etmirmi? Düşüünsək, daha yaxşı olar. O elə həmin Aqildir ki, daim insanların, lap elə kasıb insanların yanında olmasını elə mediyanın özü daim bizə sızdırır. Yəqin ona görə ki, şəxsiyyət kimi o heç vaxt özünü reklam etmir.
Hörmətlə,
Eldar Şahgəldiyev -sadə Azərbaycan vətəndaşı