Azərbaycana İrəvandan silkələnən barmaqlar… – İşğalçı ordu dirçəlməyəcək!backend

Azərbaycana İrəvandan silkələnən barmaqlar... - İşğalçı ordu dirçəlməyəcək!

Xocalı hərbi canisindən gecikmiş etiraflar; Koçaryan Bakının açıqladığı şok rəqəmləri təsdiqləmək zorunda qaldı və…; erməni xalqı müharibə yox, sülh haqda düşünənlərin ardınca getməyincə…

Bu gün – martın 6-da Ermənistan müxalifəti Nikol Paşinayana qarşı növbəti mitinq planlaşdırır. Lakin belə aksiyalar artıq ölkə gündəmində 1 nömrəli hadisə olmaqdan çıxıb və xeyli dərəcədə adiləşib. Əsas da o səbəbə ki, cəmiyyət müxalifətin bu yolla öz hədəfinə çatacağın inanmır. Bu qənaəti erməni mediasında gedən təhlil yazıları da təsdiqləyir.

“Ölkə müxalifətinin ”non-stop” (“davam-dayan” – red.) rejimində mitinqləri davam edir. “Kütləvi” yazmaq istərdim, amma kütləvilik yoxdur və heç qoxusu da gəlmir. Doğru, küçələrə yüzlərlə, minlərlə, bəlkə də on minlərlə insan axışır, amma bu, hələ də əhalinin əksəriyyətinin dəstəyini alan Paşinyanı devirmək üçün kifayət deyil”.

KONKRET.az xəbər verir ki, bu barədə Tevos Arşakyanın Armenianreport.com-dakı redaksiya məqaləsində deyilir.

Onun sözlərinə görə, 3 il əvvəl Nikol Paşinyana Serj Sarkisyan rejimini devirmək üçün 23 gün lazım olmuşdu, indiki müxalifət isə 3 aydır əlləşir, amma nəticə əldə edə bilmir:

“Nədən xalq hazırkı müxalifəti dəstəkləmir? Niyə o, bu qədər laqeyddir? Əlbəttə ki, biabırçı təslimiyyətin cəmiyyətdə yaratdığı çaşqınlıq və ağrı, ərazilərin itirilməsi, çoxlu sayda əsgərimizin ölümü burada müəyyən rol oynayır. Analar öz oğullarına yas tutur, onlar mitinqlik halda deyillər. Bəs niyə cəmiyyətin digər hissəsi müxalifətin etiraz aksiyalarına qoşulmur? Cavab üzdədir. İnsanlar sarsıntılardan yorulub, onlara dinclik və sabaha inam lazımdır. Adamlar keçmişə, Koçaryan-Sarkisyan dövrünə qayıtmaq istəmirlər. Müxalifətin formal vahid lideri Vazgen Manukyanın çiyninin arxasından isə məhz bu iki eks-prezidentin silueti görünür”.

Məqalədə daha sonra deyilir: “2018-ci ilin yazında Nikol Paşinyan insanlara ondan eşitmək istədiklərini təklif etdi. Hazırkı müxalifət isə Paşinyanın getməsindən başqa bir şey təklif etmir. Adamlar Koçaryan və Sarkisyanın prezidentliyi dövründəki həyatlarını və indiki varlıqlarını tərəziyə qoyurlar. Amma Paşinyanın populizminə və müharibədəki məğlubiyyətinə baxmayaraq, tərəzi hələ də mövcud hakimiyyətin lehinə əyilir. Yəni insanlar iki pisdən daha az pisini seçirlər. Paşinyanın burada açıqca daha az pis olduğunu nəzərə alsaq, müxalifətin ”non-stop” mitinqlərinin niyə uğursuzluğa məhkum olduğu aydınlaşar”.

*****

Bununla belə, Qarabağ klanının ən odioz liderlərindən olan Robert Koçaryan hakimiyyəti ələ keçirmək planlarından imtina eləməyib. Əksinə, siyasi səhnədə getdikcə daha tez-tez görünməyə, iddialı bəyanatlar verməyə, hətta Azərbaycanı hədələməyə başlayıb.

Məsələn, Xocalı hərbi canisi Rusiya KİV-ləri üçün srağagünkü mətbuat konfransında öncə bildirib ki, Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan ordusunu bərpa etmək üçün 3 milyard ABŞ dollarına ehtiyac var. Əsl itkilərlə bağlı gerçək isə onun fikrincə, məxfilik qeydi altında gizlənir.

Yada salaq ki, rəsmi Bakı Qarabağdakı döyüşlər zamanı Azərbaycan hərbçilərinin Ermənistan Silahlı Qüvvələrinin 3 milyard dollardan çox silah və hərbi texnikasını məhv etdiyini bildirib. Bununla da Koçaryan Bakının açıqladığı şok rəqəmləri faktiki təsdiqləmək zorunda qalıb.

“Biz Rusiya ilə elə bir inteqrasiya formulu tapmalıyıq ki, ölkənin silahlı qüvvələrini bərpa edə bilək”. Bunu da o söyləyib. Rusiyalı ekspert İqor Korotçenko isə özünün Telegram kanalında ona yaxşı cavab yazıb. Həm də sarkazmla: “Məsələn, bundan ötrü Ermənistan Rusiya Cənubi Federal Dairəsinin subyekti (tərkib hissəsi – red.) ola bilər”.

İqor Korotçenko 

Yəni Korotçenko Ermənistana Rusiya tərkibinə girməyi təklif edib…

*****

İroniya öz yerində, Koçaryan üstəlik, özündə cəsarət taparaq, Azərbaycanla yeni müharibə ilə də hədələyib. Çünki hesab edir ki, “Qarabağda ədalətsiz sülh yeni müharibəyə səbəb olacaq”.

Sitat: “Əgər tərəflərdən biri müharibənin nəticəsi ilə razılaşmırsa, onda yeni müharibə gözləyin. Bu, əlverişli geosiyasi şərtlər yarananda baş verəcək. Siyasi həll yolu tapılmalıdır. Əgər Azərbaycanda düşünürlərsə ki, Qarabağ problemini həll ediblər, bu, əslində əks məna kəsb edir – baxmayaraq ki, üstün mövqedədirlər”.

Azərbaycanın öz ərazi bütövlüyünü güc yolu ilə bərpa eləməsi sən demə, böyük ədalətsizlik imiş Xocalı qatilinə görə. Bundan əlavə, Koçaryan rüsvayçı 10 noyabr sənədini ATƏT-in Minsk Qrupunun yox, Paşinyan hökumətinin uğursuzluğunun nəticəsi sayıb: “Minsk Qrupu hazırda lazımdır. O, Rusiyaya da lazımdır. Qarabağın statusu barədə danışıqların hansı istiqamətdə gedəcəyini demək çətindir. Dünya təcrübəsi göstərir ki, həddən artıq ədalətsiz sülh uzun müddət davam etmir”.

Qısası, belə çıxır, müharibə qaçılmazdır.

*****

Göründüyü kimi, Peskovun “Rusiyanın böyük dostu” adlandırdığı Koçaryan Putinin imzası olan 10 noyabr üçtərəfli anlaşmanı da sabotaj edib. Ermənistanda hərbi ritorikaya və eyforiyaya qapılaraq, Azərbaycana barmaq silkələyən isə təkcə Köçəryan deyil. O sırada müstəqil erməni deputatı Arman Babacanyan bu arada həm Moskvanı şantaj edərək, həm də onu Azərbaycana qarşı qızışdırmağa çalışaraq deyib ki, Qarabağ müharibəsində məğlubiyyətə uğrayan təkcə Ermənistanın yox, Rusiya və onun silahları olub.

“Əgər bunu söyləməyə cəsarətimiz yoxdursa, o zaman ordumuzu yenidən qura bilməyəcəyik”, – deyə o, iddialı tərzdə qeyd edib və Kremli borclu çıxararaq bildirib ki, Rusiyanın timsalında strateji müttəfiq bir ölkə Ermənistan ordusunda islahatların aparılmasına kömək etməlidir. Özü də Babacanyan əmindir ki, “Ermənistan ordusu ultra-modern yanaşmalara ehtiyac duyur və bunun üçün ordunun yenidən qurulmasına digər ölkələri də cəlb etmək lazımdır”.

*****

Beləcə, kapitulyasiyadan cəmi 4 ay keçib, ancaq böhran içində olan Ermənistanda sülh və iqtisadi inkişaf haqda düşünmək əvəzinə, yeni müharibə, yeni ordu quruculuğu və hərbi revanşı xəyal edən qüvvələr hər vəchlə bədbəxt erməni xalıqını növbəti dəfə fəlakətə tuş eləmək istəyir.

Ancaq müharibə tərəfdarı, faşist və irqçi, vaxtilə işğala haqq qazandırmaq üçün AŞ PA tribunasından sırtıqcasına “azərbaycanlılarla ermənilər genetik olaraq birgə yaşaya bilməz!” tezisini bəyan edən Köçəryan və Köçəryan kimilər unutmasınlar ki, “artsax” qatarı və onunla birgə “Qarabağ klanı”nın “vaqonu” çoxdan gedib. Budəfəki müharibədə isə Ermənistanın olan-qalan dövlətçiliyinin taleyi həll olunacaq. Necə? Gərək ki, onu havaya yumruq atan köçəryanlar yaxşı bilsinlər…/musavat.com/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*