Azərbaycanda fikir və söz azadlığı necə təmin edilir? – AÇIQLAMAbackend

Azərbaycanda fikir və söz azadlığı necə təmin edilir? - AÇIQLAMA

Demokratik cəmiyyətin mövcudluğunun əsas prinsiplərindən biri də söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsidir. Bu prinsiplər xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında mühüm rol oynayır. Azərbaycan da söz və mətbuat azadlığının qorunduğu ölkələrdən biridir. İnsanların azad mühitdə yaşaması, öz fikirlərini sərbəst ifadə etməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı, eləcə də bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin göstəricisi kimi dəyərləndirilir.

Mövzunu KONKRET.az-a şərh edən millət vəkili Elman Nəsirov bildirib ki, Azərbaycan demokratik inkişaf yolunu seçən bir dövlətdir: “Kim ki, demokratiyanın son nöqtəsi olduğunu hesab edir, onlar yanılırlar. Çünki bu, səhv yanaşmadır. Demokratiya bir peosesdir və orada son nöqtə yoxdur. Azərbaycan da həmin prosesin mühüm tərkib hissəsidir və demokratik inkişaf yolunu seçib. Bu yolun əsasını isə Ulu Öndər Heydər Əliyev qoyub. Məsələn, mətbuat üzərində senzuranı ləğv edib. Fikrimcə bu, inqilabi bir addım idi. Bundan başqa, Azərbaycanda ölüm hökmü ləğv olunub.

Eyni zamanda sərbəst toplaşmaq azadlığı təmin edilib. Beləliklə, insanlar, xüsusilə müxalifət nümayəndələri öz etirazlarını konkret ayrılan məkanda ifadə etmək hüququ qazanıblar. Bu siyasəti hazırda ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir. Nzəzərə almaq lazımdır ki, indi informasiya əsridir. Bu gün sosial şəbəkələr çox mühüm bir informasiya daşıyıcısına çevrilib. Çoxsaylı saytlar və internet televiziyalar fəaliyyət göstərir. Demək olar ki, əhalinin 80 faizindən çoxu sosial şəbəkə istifadəçisidir və hər kəsin şəxsi hesabı mövcuddur. Bu, əhalinin 80 faizindən çoxunun öz mətbu orqanı olması anlamına gəlir. Çünki insanlar istənilən fikrini və mövqeyini ifadə edə bilir. Hətta bəzən sosial şəbəkələrdə qanun pozuntusuna da yol verilir. Təhqirdən tutmuş, şəxsin nüfuzuna xələl gətirməyə və şər-böhtana kimi qeyri-adekvat davranışlara yol verilir”.

Elman Nəsirov: Sərəncam bir daha sübut edir ki, insanların sosial rifahı Prezident üçün bir nömrəli məsələdir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Millət vəkilinin sözlərinə görə, bütövlükdə Azərbaycan dövləti qeyd edilən istiqamətlər üzrə çox ciddi addımlar atıb: “Bəzən müxalif siyasi dairələr Azərbaycan iqtidarını guya onların sərbəst toplaşmaq azadlığına maneələr yaratmaqda ittiham edirlər. Bu da yalan və iftiradan başqa bir şey deyil. Məsələ ondan ibarətdir ki, Azərbaycan hökuməti müxalif siyasi dairələrin sərbəst toplaşması üçün müvafiq yer ayırıb. Bu, Qaradağ rayonu ərazisində yerləşən stadiondur. Bura ərazi baxımından Bakının rayonları arasında ən böyüyüdür və çox gözəl yolları var. Amma problem ondadır ki, müxalifətin sosial bazası mövcud deyil. Buna görə də iqtidarı ittiham etməyə başlayırlar. Məqsədləri isə şəhərin mərkəzində yürüşlər keçirmək və izdihamı qeyri-ixtiyari olaraq mitinqlərə qoşmaqdır. Bununla da guya sosial bazalarının olduğuna dair saxta görüntü yaratmaq istəyirlər. Tam əminliklə deyə bilərəm ki, bugünki müxalifət iddiasında olan siyasi qruplaşmalar sosial bazaları olduqlarını bilsəydilər, Bakının istənilən yerində mitinq keçirməyə razılaşardılar”.

Elman Nəsirov əlavə edib ki, ölkə başçısı müstəqil siyasət həyata keçirir və milli maraqları hər şeydən üstün tutur: “Azərbaycan parlamentinin qəbul etdiyi mühüm qanunlardan biri də Media Haqqında Qanundur. Bu qanunun qəbulu çox ciddi ictimai müzakirələrə səbəb oldu. Cəmiyyətin demək olar ki, hər bir üzvü, bütün KİV-lər, çap və internet resursları prosesdə yaxından iştirak etdilər. Qanun üç oxunuşdan sonra təsdiqləndi. Hesab edirəm ki, Media Agentliyinin yaradılması zamanın tələbi idi. İnformasiya məkanındakı müəyyən nöqsan və çatışmazlıqların aradan qaldırılması, vahid siyasətin müəyyən edilməsi, informasiya məkanının qorunması və kiberhücumların qarşısının alınması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından bu Agentliyin üzərinə çox böyük məsuliyyət düşür. Düşünürəm ki, Media Agentliyi üzərinə düşən vəzifəni dərk edir və bu yöndə atdığı addımlar da müsbət qarşılanır.

Hazırda biz postmüharibə dövrünü yaşayırıq. Bu dövrün isə öz qanunları mövcuddur. İndi iki cəbhədə faktiki müharibə davam edir. Birincisi mina müharibəsidir. Çünki Ermənistanın verdiyi mina xəritələrinin cəmi 25 faizi dəqiq, 75 faizi isə yalandır. İkinci isə informasiya müharibəsidir. Ermənistan yalan və iftira dolu xəbərlərin ixracı ilə məşğul olur. Beynəlxalq fikri çaşdırmaq istəyir. Bu reallıqları nəzərə alaraq Azərbaycanın informasiya məkanı da sözügedən məsələlərdə son dərəcə həssas davranmalıdır. Hesab edirəm ki, bu yöndə mətbuat nümayəndələrinin üzərinə çox böyük məsuliyyət düşür. Yalnız rəsmi qurumların, xüsusilə də Müdafiə Nazirliyinin bu sahədə verdiyi məlumatlar əsas götürülməlidir. Ancaq ciddi mənbələrə istinad edərək informasiyanın yayılması, təbliği və təşviqi istiqamətində iş aparılmalıdır. Düşünürəm ki, bu istiqamətdə də Media Agentliyi üzərinə düşən vəzifənin öhdəsindən gəlməyi bacarır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*