Azərbaycanda məhkəmələrin həbsqətimkan tədbirinə daha çox meylli olması heç kəsə sirr deyil.
Avropa Şurasının İnsan Hüquqları Üzrə Komissarı Michael O’Flaherty Baş prokuror Kamran Əliyevə dünənki məktububunda da bununla bağlı narahatlığını ifadə edib.
Komissar yazır:
Məhkəməyə qədər həbs müstəsna tədbir kimi tətbiq edilməlidir və onun zəruriliyi beynəlxalq insan hüquqları standartlarına uyğunluğun təmin edilməsi məqsədilə mütəmadi şəkildə yenidən qiymətləndirilməlidir.
Azərbaycanın Avropa Şurasının üzvü kimi Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburililiyinin tanınmasına dair öhdəliyini nəzərə alsaq, o zaman bu çağırışa ciddi şəkildə önəm verilməlidir.
Xatırladım ki, hələ 2017-ci ildə Prezident İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Fərman imzalayıb.
Həmin sənəddə də deyilir ki, “İbtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin.”
Bu sərəncamın mahiyyəti ondan ibarətdir ki, həbs əsas qayda yox, yalnız qanunda nəzərdə tutulan zəruri hallarda seçilməlidir.
Ona görə də mümkün olduğu hallarda alternativ qətimkan tədbirlərinə üstünlük verilməlidir.
Prezidentin həmin fərmanında Ali Məhkəməyə, Baş Prokurorluğa və Ədliyyə Nazirliyinə cəza siyasətinin humanistləşdirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, azadlıqdan məhrum etməyə alternativ cəzaların genişləndirilməsi və həbslə bağlı olmayan qətimkan tədbirlərinin tətbiqinin artırılması ilə bağlı qanun layihələri hazırlamağı da həvalə edib.
Amma ötən illərdə nə dəyişib?
Azərbaycan Avropa Şurasının Həbsxana Əhalisinə Dair Hesabatında məhbus sayına görə, bu quruma üzv olan 46 dövlət arasında ön sırada qərarlaşıb.
Azərbaycanın xüsusilə prokurorluq və məhkəmə orqanları ölkə başçısının bu fərmanından irəli gələn addımları atmalıdır.
Burada məqsəd cinayət törətməkdə şübhəli bilinən şəxsi məsuliyyətdən yayındırmaq deyil, məhkəmənin hökmü çıxana qədər onun fundamental hüquqlarını qorumaqdır.
Avropa standandartlarına görə, məhkəməyədək həbs istisna, azadlıq isə əsas qayda hesab olunur.
Çünki, qanunvericilikdə şəxsin “Təqsirsizlik prezumpsiyası” anlayışı var.
Hər bir şəxs məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təqsirli bilinənədək günahsız sayılır.
Məhkəməyədək həbsdən geniş istifadə bu prinsipi faktiki olaraq zəiflədir və cəmiyyətdə həmin şəxsin artıq günahkar olduğu təsəvvürünü yarada bilər.
Bundan başqa Konstitusiya vətəndaşa şəxsi azadlıq hüququnu fundamental hüquq kimi verir.
Ölkə konstitusiyasında yazılır ki, “Azadlıq hüququ insanın ən əsas hüquqlarından biridir. Dövlət bu hüququ yalnız qanuni, zəruri və proporsional əsaslar olduqda məhdudlaşdıra bilər”.
Buna görə də həbs yalnız başqa alternativ tədbirlərin kifayət etmədiyi hallarda tətbiq olunmalıdır.
Bir sıra hallarda vətəndaş məhkəmənin sonuncu hökmündə bəraət alır.
Amma istintaq müddətini həbsdə keçirdiyindən onun işinə, sağlamlığına, sosial və sair vəziyyətinə ciddi zərər dəyir.
Ona görə də polis nəzarəti, ölkədən çıxışa məhdudiyyət, ev dustaqlığı və sair kimi alternativ qətimkan tədbirləri üçün hüquqi baza olduğu halda, niyə həbsə daha çox meyillilik var?
Avropa insan hüquqları standartlarına görə məhkəməyədək həbs cəza vasitəsi kimi qəbul olunmur.
Bizdə də alternativlər qərarlara üstünlük vermək, ölkəmizdə hüququn aliliyinin, humanizmin və insan ləyaqətinə hörmət prinsipinə dövlətin münasibətini ifadə etmiş olar.//Gununsesi.info
