Azərbaycanda kənd və ucqar ərazilərdə çalışan müəllimlərin sosial rifahının yaxşılaşdırılması, onların bölgələrdə işləməyə marağının artırılması məsələsi yenidən gündəmə gəlib. Xüsusilə kənd məktəblərində pedaqoji kadrların cəlb edilməsi və uzunmüddətli fəaliyyətinin təmin olunması üçün əlavə sosial güzəştlərin tətbiqi vacib hesab edilir.
Bu baxımdan müəllimlərə dövlət tərəfindən torpaq sahələrinin ayrılması, mənzil tikintisi üçün güzəştli kreditlərin verilməsi, eləcə də kommunal və nəqliyyat xərclərinin qarşılanması kimi təkliflər diqqət çəkir.
Bəs kənd yerlərində çalışan müəllimlərə pay torpaqlarının ayrılması nə dərəcədə məqsədəuyğundur? Belə bir təşəbbüs ucqar kəndlərdə müəllim çatışmazlığının aradan qaldırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var.

Ekspertin sözlərinə görə, pedaqoji işçilərin maddi təminatı yalnız əməkhaqqı ilə məhdudlaşmamalı, onların mənzil, nəqliyyat və digər sosial ehtiyacları da nəzərə alınmalıdır:
“İstər şəhər, istərsə də kənd məktəblərində çalışan müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün əlavə addımlar atılmalıdır. Xüsusilə kənd yerlərində fəaliyyət göstərən müəllimlərə dövlət tərəfindən torpaq sahələrinin ayrılması, fərdi yaşayış evlərinin tikintisinə dəstək göstərilməsi məqsədəuyğun olardı. Məsələn, dövlət müəllimə torpaq sahəsi ayıra, ev tikintisi üçün güzəştli şərtlərlə kredit verə bilər. Bu, müəllimlərin sosial təminatının gücləndirilməsi baxımından mühüm addım olardı”.
Ramin Nurəliyev hesab edir ki, müəllimlərin məişət və maddi problemlərdən mümkün qədər azad edilməsi onların bütün diqqətini tədris prosesinə yönəltməsinə şərait yaradar.
“Müəllim elə sosial təminatla əhatə olunmalıdır ki, gündəlik maddi çətinliklər onun əsas fəaliyyətinə mane olmasın. Pedaqoq bütün enerjisini şagirdlərin təhsilinə, tədrisin keyfiyyətinin yüksəldilməsinə sərf edə bilməlidir. Bunun üçün dövlət tərəfindən əlavə dəstək mexanizmlərinin yaradılması vacibdir”, – deyə ekspert vurğulayıb.
Təhsil eksperti müəllimlər üçün bir sıra əlavə güzəştlərin tətbiqini də təklif edib. Onun fikrincə, əməkhaqqının artırılması ilə yanaşı, ictimai nəqliyyatda gedişhaqqına 50 faizlik endirimin tətbiqi, kommunal ödənişlərin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması və mənzil təminatı ilə bağlı xüsusi proqramların hazırlanması müsbət nəticələr verə bilər.
“Misal üçün, müəllimlərin avtobuslardan istifadə zamanı gedişhaqqının 50 faizini ödəməsi nəzərdə tutula bilər. Bundan başqa, xüsusilə rayon və kənd məktəblərində çalışan pedaqoqların kommunal xərclərinə güzəştlərin tətbiq edilməsi də vacibdir. Elektrik enerjisi, təbii qaz və digər kommunal ödənişlərlə bağlı müəyyən dəstək mexanizmləri yaradıla bilər. Eyni zamanda, torpaq sahələrinin ayrılması və ev tikintisinə güzəştli maliyyə dəstəyinin göstərilməsi müəllimlərin sosial vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər”, – deyə o, qeyd edib.
Ramin Nurəliyev bildirib ki, bu cür təşviq mexanizmləri xüsusilə ucqar kəndlərdə işləyən müəllimlər üçün böyük əhəmiyyət daşıyır.
“İstər Lerikin ucqar kəndlərindən birində yaşayan və orada müəllim işləyən şəxs olsun, istərsə də şəhərdən kənd məktəbinə işləməyə gedən pedaqoq, hər iki halda sosial dəstək vacibdir. Kommunal və nəqliyyat xərclərinin qarşılanması, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də əlavə addımlar atılmalıdır”, – deyə ekspert əlavə edib.
Ramin Nurəliyevin fikrincə, müəllimlərə torpaq və mənzil təminatı ilə bağlı güzəştlərin verilməsi yalnız onların sosial rifahına deyil, eyni zamanda kənd məktəblərinin pedaqoji kadrlarla təminatına da müsbət təsir göstərə bilər.
Ekspert hesab edir ki, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi təhsilə qoyulan uzunmüddətli investisiya kimi qiymətləndirilməlidir. Bu istiqamətdə hazırlanacaq kompleks dəstək proqramları həm müəllim peşəsinin nüfuzunun artırılmasına, həm də ucqar bölgələrdə təhsilin inkişafına xidmət edə bilər.
Qeyd edək ki, müəllimlərə torpaq sahələrinin ayrılması ilə bağlı səsləndirilən fikirlər ekspert təklifidir. Belə bir mexanizmin tətbiqi üçün müvafiq hüquqi əsasların və dövlət dəstəyi şərtlərinin müəyyənləşdirilməsi tələb oluna bilər.
Aynurə İsmayıl
KONKRET.az
