Xəbər verdiyimiz kimi, ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman ötən gecə yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Gənc yaşda dünyasını dəyişən aparıcının ölümü yaxınlarını və onu tanıyanları kədərləndirib. Lakin onun vəfatı ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımların altına yazılan bəzi rəylər təəssüf doğurub. Bəzi istifadəçilər mərhumun ünvanına təhqiramiz ifadələr yazıb, hətta “Yaxşı oldu”, “Özünü çox göylə aparırdı” deyə daha aqressiv reaksiya verənlər də var.
Bəs bir insanın ölüm xəbərinə sevinmək, təhqir yazmaq nə ilə bağlıdır?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan fəlsəfə elmləri doktoru, sosioloq Mail Yaqub bildirib ki, sosial şəbəkələrdə aqressiv davranışın bir neçə səbəbi var:
“Sosial şəbəkələrdə insanların aqressiv davranmasının və təhqiramiz ifadələr yazmasının bir neçə səbəbi var. Bu, son illərdə sosial psixologiyanın əsas tədqiqat mövzularından birinə çevrilib.
Birinci səbəb insanların sosial şəbəkələrdə qarşı tərəfi görməməsidir. İnsan üz-üzə ünsiyyət zamanı müəyyən qədər çəkinir, qarşısındakı şəxsin reaksiyasını görür və ona görə də hər sözü rahatlıqla deyə bilmir. Sosial şəbəkələrdə isə bu ünsiyyət forması olmadığı üçün insanlar özlərini daha sərbəst hiss edir və qarşı tərəfi təhqir etməkdən çəkinmirlər.
İkinci səbəb anonimlikdir. Bəzi sosial şəbəkə istifadəçilərinin kimliyi məlum olmur. Bu zaman insan anonim hesabın arxasında gizlənərək istədiyi fikri yaza biləcəyini düşünür.
Burada əsas məqam odur ki, insanın gündəlik həyatda sahib olduğu əxlaq və tərbiyə sosial şəbəkələrdəki davranışında da özünü göstərir. Bir insanın real həyatda əxlaq və tərbiyəsi yerindədirsə, sosial şəbəkəyə daxil olduqda tamamilə başqa birinə çevrilməsi düzgün yanaşma deyil. Sadəcə olaraq, sosial şəbəkələr insanın daxilində olan xüsusiyyətləri daha açıq şəkildə ortaya çıxarır”.
Sosioloq hesab edir ki, saytlar daha çox oxunmaq üçün insanların şəxsi həyatını gündəmə gətirməməli, kiminsə adına və nüfuzuna zərər vuracaq xəbərlər hazırlamaqdan çəkinməlidirlər:
“Məsələnin digər tərəfi isə media qurumlarının bu prosesdəki roludur. Təəssüf ki, bəzi saytlar xəbərlərin daha çox oxunması və reytinq qazanmaq məqsədilə qəsdən insanların şəxsi həyatını müzakirə mövzusuna çevirirlər. Məsələn, tanınmış qadın müğənninin həyat yoldaşının hansısa cinayətə görə saxlanılması barədə xəbər hazırlanarkən müğənninin də adının başlığa çıxarılması buna nümunədir. Halbuki baş verən hadisənin həmin şəxslə birbaşa əlaqəsi olmaya bilər. Belə yanaşma ilə həmin şəxsin nüfuzuna və heysiyyətinə zərər vurulur.
Media etikası deyilən anlayış var və hər bir media qurumu buna əməl etməlidir. Sadəcə sensasiya yaratmaq və daha çox oxucu toplamaq naminə kiminsə şəxsi həyatını, şərəf və ləyaqətini hədəfə almaq yolverilməzdir. Təəssüf ki, bəzi media orqanları bu tendensiyaya qoşulurlar. İnsanlar reytinq qazanmaq və ya öz fikirlərini ifadə etmək naminə başqalarının heysiyyətinə və şəxsiyyətinə toxunmamalıdırlar”.
