“Azərbaycanın qələbəsi ədalətin bərpasıdır” – ŞƏRHbackend

"Azərbaycanın qələbəsi ədalətin bərpasıdır" - ŞƏRH

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycan dövlətinin gücünü, xalqımızın mübarizə əzmini – sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu.

Şübhəsiz, bu tarixi qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasi kursun məntiqi nəticəsidir.

Təbii ki, Azərbaycan bütün cəbhələrdə – istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə tarix yazıb.

Eyni zamanda, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir.

30 ilə yaxın işğal altında qalan torpaqlarımızda Ermənistan qeyri-qanuni məskunlaşma, mədəni irsimizə qarşı vandallıq və ekoloji terror həyata keçirmişdi. Uzun illər beynəlxalq təşkilatların qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan status-kvonu dəyişməmək siyasəti yürüdürdü. 2020-ci ilin payızında Ermənistanın təxribatları, hərbi-siyasi avantüraları Azərbaycanı məcbur etdi ki, öz suveren hüquqlarını güc yolu ilə bərpa etsin.

Azərbaycan, 44 günlük müharibə zamanı, yalnız hərbi deyil, həm də diplomatik cəbhədə Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün səy göstərib. Azərbaycanın haqlı mövqeyini təbliğ etmək, həmçinin Ermənistanın müharibə cinayətlərini dünya gündəminə gətirmək məqsədilə müxtəlif beynəlxalq təşkilatlarla əlaqələr qurulub.

Ermənistanın hərbi əməliyyatları yalnız fiziki zərər verməklə kifayətlənməyib, eyni zamanda psixoloji təzyiqlər yaradıb. Dinc sakinlər arasında qorxu və təlaş yaratmaq məqsədilə, mülki şəxslərə qarşı hədə-qorxu mesajları və təcavüzkar davranışlar da tətbiq edilib.

2020-ci ilin 44 günlük müharibəsi, Azərbaycan üçün tarixi bir zəfər olmaqla yanaşı, Ermənistanın törətdiyi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından da önəmli bir mərhələdir. Bu müharibə, həmçinin beynəlxalq hüququn, insanlıq və ədalətin üstünlüyünü təsdiqləyib. Hələ də bu cinayətlərin tam şəkildə araşdırılması və Ermənistanın cavabdeh tutulması üçün beynəlxalq səviyyədə daha çox tədbir görülməsi vacibdir. Müharibənin sonunda əldə olunan qələbə, həmçinin Azərbaycanın gələcək inkişafı və ərazi bütövlüyünün qorunması üçün mühüm bir zəmin yaradıb.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aydın Tağıyev bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması xüsusi əhəmiyyət daşıyır.

“Azərbaycanın əldə etdiyi qələbə yalnız hərbi uğur deyil, eyni zamanda beynəlxalq hüququn və ədalətin bərpası baxımından mühüm hadisədir.

Uzun illər ərzində Ermənistanın işğal siyasəti nəticəsində Azərbaycan şəhərləri və kəndləri dağıdılıb, yüz minlərlə insan öz doğma torpaqlarından didərgin salınıb. Müharibə dövründə və ondan əvvəl mülki əhaliyə qarşı həyata keçirilən hücumlar isə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyət davam etdirilməlidir. Dünya ictimaiyyəti regionda baş vermiş hadisələr barədə obyektiv məlumatlandırılmalı, Ermənistanın törətdiyi müharibə cinayətləri və vandalizm aktları barədə faktlar daha geniş auditoriyaya təqdim edilməlidir”, – deyə politoloq bildirib.

Ekspertin fikrincə, informasiya mübarizəsi müasir dövrdə ən vacib istiqamətlərdən biridir və Azərbaycanın əldə etdiyi qələbənin siyasi, hüquqi və tarixi əhəmiyyətinin beynəlxalq səviyyədə tanıdılması ölkənin milli maraqlarının qorunmasına xidmət edir.

Aydın Tağıyev əlavə edib ki, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və regionda davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar da beynəlxalq ictimaiyyətə düzgün şəkildə çatdırılmalıdır. Onun sözlərinə görə, bu proseslər Azərbaycanın regionda sabitlik və inkişaf tərəfdarı olduğunu bir daha nümayiş etdirir.

Aynurə İsmayıl
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*