Bu gün qarşıma facebookda tanınmış jurnalist, yaradıcı insan kimi ehtiram bəslədiyim Fəxri Ağayevin məqaləsi çıxdı. Onun “Donmuş gənclər” adı altında yazısı cəmiyyətdə mövcud olan bir problemi qabardır və bir çox gəncin yaşadığı ümidsizlik hissini təsvir edir. Lakin bütün Azərbaycan gənclərini bu çərçivəyə salmaq da doğru olmaz. Bu gün həm çətinliklərə baxmayaraq uğur qazanan, həm də həqiqətən çıxış yolu tapa bilməyən gənclər var. Deməli, problem nə yalnız “gənclərin tənbəlliyidir”, nə də yalnız “sistemdir”. Hər iki amilin təsiri mövcuddur.
Azərbaycan gəncinin tənbəl olması cümləsini son illərdə yəqin ki, hər kəs eşidib. Çayxanalarda, sosial şəbəkələrdə, televiziya debatlarında, hətta ailə söhbətlərində belə bu fikir tez-tez səslənir. Ancaq təlimçi Fəxri Ağayev “Donmuş gənclər” adlı yazısında tamam başqa bir iddia irəli sürür: gənclər tənbəl deyil, ümidsizdirlər.
Bu yanaşma üzərində düşünməyə dəyər.
Doğrudanmı bugünkü Azərbaycan gənci sadəcə işləmək istəmir? Yoxsa o, çalışsa belə nəticənin dəyişməyəcəyinə inanır?
Əslində, bir çox gəncin həyatına baxanda müəyyən həqiqətlər görünür. Ali təhsil alır, xarici dil öyrənir, kurslara gedir, sertifikatlar toplayır. Sonra isə iş elanlarında “təcrübə tələb olunur” ifadəsi ilə qarşılaşır. Təcrübə qazanmaq üçün iş lazımdır, iş tapmaq üçün isə təcrübə. Bu paradoks minlərlə gənci ilk addımdan çıxılmaz vəziyyətə salır.
Digər tərəfdən, cəmiyyətdə hələ də belə bir təsəvvür yaşayır ki, bəzi hallarda bilikdən daha çox tanışlıq, peşəkarlıqdan daha çox əlaqələr rol oynayır. Bu təsəvvür hər zaman reallığı tam əks etdirməsə də, gənclərin motivasiyasına ciddi təsir göstərir. İnsan nəticənin əvvəlcədən müəyyənləşdirildiyini düşündükdə, mübarizə aparmaq həvəsi də azalır.
Ancaq burada başqa bir təhlükə də var.
Ümidsizlik uzun müddət davam etdikdə, o, insanı fəaliyyətsizliyə alışdırır. Günlər keçir, aylar keçir, sonra illər keçir. İnsan həyatını dəyişmək üçün kiçik addımlar atmaq əvəzinə, hər şeyi sistemin üzərinə qoymağa başlayır. Bu isə artıq fərdi məsuliyyət probleminə çevrilir.
Yəni hər uğursuzluğu yalnız sistemlə izah etmək də doğru deyil.
Bu gün Azərbaycanda çətin şəraitdə təhsil alıb uğur qazanan, öz biznesini quran, beynəlxalq şirkətlərdə çalışan, xaricdə elmi nailiyyətlər əldə edən minlərlə gənc də var. Onlar göstərirlər ki, imkanlar məhdud olsa da, tamamilə yox deyil.
Problem ondadır ki, bu uğur hekayələri çox vaxt istisna kimi görünür, norma kimi yox.
Fəxri Ağayevin məqaləsinin ən güclü tərəfi odur ki, gəncləri ittiham etmək əvəzinə onların psixoloji vəziyyətinə diqqət çəkir. Həqiqətən də, gələcəyinə inanmayan insanın motivasiyasını yalnız “çalış, hər şey düzələcək” kimi ümumi çağırışlarla qaytarmaq mümkün deyil.
Azərbaycan gəncinin bu gün ən çox ehtiyac duyduğu şey motivasiya nitqləri deyil, ədalətli rəqabət, şəffaf işə qəbul, keyfiyyətli təhsil, əlçatan mənzil imkanları və zəhmətin qiymətləndirildiyi bir mühitdir.
Bununla yanaşı, gənclərin öz üzərinə düşən məsuliyyəti də unutmaq olmaz. Dünya dəyişir. Yeni peşələr yaranır, rəqəmsal iqtisadiyyat genişlənir, uzaqdan işləmək imkanları artır. Özünü inkişaf etdirən, yeni bacarıqlar qazanan və dəyişən şərtlərə uyğunlaşan gəncin uğur şansı əvvəlki dövrlərlə müqayisədə daha genişdir.
Ən təhlükəli vəziyyət isə nə kasıblıqdır, nə işsizlik.
Ən təhlükəlisi insanın gələcəyə olan inamını itirməsidir.
Çünki ümidini itirmiş cəmiyyət inkişaf etmir. Ümidini itirmiş gənclik isə ölkənin gələcəyini zəiflədir.
Bəlkə də Fəxri Ağayevin “donmuş gənclər” ifadəsi elmi termin deyil. Amma bu ifadə bugünkü Azərbaycann cəmiyyətində hiss olunan psixoloji vəziyyəti təsvir edən güclü bir metaforadır. İndi əsas sual budur: bu donu açacaq islahatlar ediləcəkmi, yoxsa biz gəncləri ittiham etməyə davam edəcəyik?
Ağagül Mürsəlov,
KONKRET.az
