“Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin, xüsusən də yol-nəqliyyat əlaqəsinin bərpa edilməsi həm Azərbaycan, həm də Türkiyə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edir”.
Bunu Naxçıvanla quru yolunun bərpası ilə bağlı KONKRET.az-la fikirlərini bölüşən deputat Vahid Əhmədov bildirib.
Deputat qeyd edib ki, sazişdə çox mühüm müddəalardan biri Naxçıvan yolun açılmasıdır: “Bu yolun açılması bizim üçün çox mühüm məsələdir. Bilirsiniz, uzun müddətdir ki, Böyük İpək Yolu ilə bağlı danışıqlar gedir. Biz Naxçıvana İran vasitəsilə çıxırdıq. Bunun üçün kifayət qədər vəsait xərclənirdi. Təxmini 300 dollara yaxın vəsait edirdi. Amma bu gün bu yol açılacaq. Burada həm dəmir yolu və asfalt yolu çəkiləcək. Bu, Azərbaycan və Türkiyə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir. Çünki Orta Asiya, Çin kimi fövqəl dövlətin mallarını həmin ərazi vasitəsilə daşınması, Avropadan o dövlətlərə müəyyən məhsulların aparılması Azərbaycan və Türkiyənin iqtisadiyyatına müsbət nəticəsi olacaq. Burada kifayət qədər vəsaitdən söhbət gedir. Məndə olan məlumata görə, o yolun çəkilməsi üçün maraqlı şirkətlər var. Hazırda onlar işləyirlər. 2021-ci ilin ortalarında və ya sonlarında bu yolun tikintisi başa çatsa, Azərbaycan iqtisadiyyatına çox böyük təkan verə bilərik. Bu yol həm iqtisadiyyatımız, həm də Türkiyə ilə bütün sahələrdə birbaşa əlaqələrin qurulması üçün əhəmiyyətlidir. Bilirsiniz ki, Türkiyə bizim üçün çox əhəmiyyətli və qardaş ölkədir. Həmişə bizim yanımızdadır. Naxçıvan yolunun açılması və bu müddəanın sazişə əlavə edilməsi cənab prezidentin böyük uğurlarından biridir”.
