“Azərişıq”ın qanunsuz cərimələri kəndi ayağa qaldırdı – VİDEObackend

"Azərişıq"ın qanunsuz cərimələri kəndi ayağa qaldırdı - VİDEO

Xaçmaz rayonunun Şimali kənd sakinləri uzun müddətdir “Azərişıq” ASC tərəfindən onlara tətbiq edilən qanunsuz və əsasız cərimələrdən təngə gəlib. Heç bir əsas və sərfiyyat göstərilmədən kənddəki əksər abonentlərə müxtəlif vaxtlarda və məbləğlərdə cərimələr tətbiq edilib. Sakinlər buna etiraz etsələr də heç bir faydası olmayıb. Tətbiq edilən ən böyük cərimə 1000 manat ən azı isə 100 manatdır.

KONKRET.AZ-ın müxbirinə danışan sakinlərin şikayətləri:

“Gəlib 1000 manat cərimə elədilər. Səbəbini soruşdum. Demədilər. Biz hər ay 10-15 manat civarında elektrik enerjisi istifadə edirik. Birdən-birə 1000 manat cərimə yazdılar. Xaçmaz elektrik şəbəkəsinə getdik. Xeyli yalvar-yaxardan sonra dedilər sizin üçün 500 manat keçirik. Amma qalan 500 manatı hissə-hissə ödəyərsiz”.

Kənd sakinləri deyir ki, bir neçə ay bundan əvvəl elektrik naqillərini dəyişmək üçün bütün sayğacların möhürünü qırıblar. Daha sonra isə işlər dayandırılıb və sayğaclar möhürlənməyib.

“İdarənin əməkdaşları möhür vurmaq üçün hər birimizdən 50 manat pul istədi. Bir neçə nəfər pulu verdi. Kimlər ki, ödəmədi onlara cərimə yazılmağa başlanıldı. Elə abonentlər var ki, 500 manatlıq cəriməni 100 manat hörmət edib sildirib. Ödəməyənlərin isə işığını kəsiblər”.

Məsələ ilə əlaqədar Azərişıq ASC-nin münasibətini öyrənmək üçün qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. Tanrıverdi müəllim məsələnin mahiyyətinə aydınlıq gətirmək əvəzinə bizi günahlandırdı:

“Siz o qədər insanı bir araya toplayıb niyə çəkiliş edirsiz. Onları dövlət əleyhinə qaldırıb mitinq etmək fikriniz var?”

Ləzgi millətinin kompakt yaşadığı bir kəndin yarıdan çoxuna əsassız cərimələr tətbiq edərək onları dövlətdən narazı salan, etiraza səbəb olan əməl sahibi sizisiniz, yoxsa o insanların problemini işiqlandırıb həllinə yardımçı olmaq istəyən biz, Tanrıverdi müəllim?!

Hazırladı: Cəlal FƏRZƏLİYEV, Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*