Nikah dövründə əmlak münasibətləri çox vaxt tərəflər arasında ən həssas və mübahisəli mövzulardan birinə çevrilir. Xüsusilə də tərəflərdən biri öz adına olan daşınmaz əmlakı digərinə rəsmi şəkildə bağışladıqdan sonra münasibətlərin pozulması vəziyyəti hüquqi baxımdan bir sıra suallar doğurur.
Bəs ər öz evini həyat yoldaşına bağışladıqdan sonra boşanma baş verərsə, həmin əmlak üzərində hər hansı pay tələb edə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Müşfiq Abbasov bildirib ki, bağışlama müqaviləsi əsasında verilmiş əmlak artıq qarşı tərəfin şəxsi mülkiyyətinə çevrilir və bu halda kişinin həmin əmlak üzərində hər hansı pay tələb etmək hüququ qalmır.

“Azərbaycan qanunvericiliyinə əsasən, nikah dövründə əldə olunan birgə əmlakla bağışlama yolu ilə verilmiş əmlak fərqli hüquqi statusa malikdir. Əgər ər evi rəsmi şəkildə arvadına bağışlayıbsa, bu artıq onun könüllü iradəsi ilə həyata keçirilmiş hüquqi əməliyyatdır. Boşanma zamanı həmin əmlak bölünmür və kişi sonradan bu ev üzərində pay iddia edə bilməz”.
Hüquqşünas qeyd edib ki, yalnız xüsusi hallar – məsələn, bağışlama müqaviləsinin etibarsız sayılması üçün əsaslar olduqda (təzyiq, aldatma və s.) məsələ yenidən məhkəmə müstəvisində araşdırıla bilər. Lakin belə hallar istisna təşkil edir və ümumi qayda dəyişmir.
Beləliklə, ekspertin də vurğuladığı kimi, bağışlanmış əmlak boşanma zamanı bölünən birgə mülkiyyətə daxil edilmir və əvvəlki sahibin bu əmlak üzərində hüququ bərpa olunmur.
Aynurə İsmayıl
KONKRET.az
