Məlum olduğu kimi, avqustun 15-dən Bakı Metropolitenində aparılan təmir işləri səbəbindən “28 May”-“Nizami” istiqamətində qatarların hərəkəti dayandırılıb və bu vəziyyətin təxminən 11 ay davam edəcəyi bildirilir. Nəticədə “Dərnəgül” istiqamətindən gələn sərnişinlər “Nizami” stansiyasında düşərək təyin olunmuş ekspress avtobuslardan istifadə etməli olurlar. Bu isə sərnişin üçün əlavə 60 qəpik xərc deməkdir.
Məhz buna görə cəmiyyətdə həmin avtobusların ödənişsiz olması ilə bağlı tələblər səslənir. Metropolitendəki dəyişikliklə əlaqədar tətbiq olunan bu xüsusi marşrutların pulsuz olması mümkündürmü?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, ekspress avtobusların ödənişsiz olması ilə bağlı ictimai tələbi müsbət qiymətləndirir:
“Çünki nəqliyyat siyasətində əsas meyar yalnız tarif və gəlir deyil, vətəndaşın rahatlığı, əlçatanlığı və gündəlik xərclərinin azaldılması olmalıdır. Xüsusilə metroda yaranmış məhdudiyyətləri kompensasiya etmək üçün təşkil olunan ekspress marşrutlar adi kommersiya xidməti kimi deyil, müəyyən mənada ictimai ehtiyacdan doğan alternativ nəqliyyat xidməti kimi qiymətləndirilməlidir. Vətəndaş onsuz da nəqliyyatdan istifadə etmək üçün pul ödəyir”.
İqtisadçının fikrincə, əgər metro xəttində yaranmış problemə görə sərnişin alternativ ekspress avtobusdan istifadə etməyə məcburdursa, onun üzərinə əlavə maliyyə yükünün qoyulması yenidən nəzərdən keçirilməlidir:
“Burada söhbət böyük məbləğdən getməyə bilər. Amma hər gün işə və ya universitetə gedib-gələn vətəndaş üçün 50-60 qəpik əlavə ödəniş belə ayın sonunda nəzərəçarpacaq xərcə çevrilir. Xüsusilə tələbələr, aztəminatlı ailələr və gündəlik ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar üçün bu məsələ daha həssasdır”.
A.İbrahimovun sözlərinə görə, ekspress avtobusların müəyyən müddət ərzində ödənişsiz təşkil edilməsi mümkündür:
“Bunun üçün xidmətin xərcləri dövlət və ya şəhər büdcəsindən subsidiya edilə bilər. Əgər bu addım vətəndaşın rahatlığını artırır, avtomobildən istifadənin azalmasına və tıxacların yüngülləşməsinə səbəb olursa, həmin xərci yalnız xərc kimi qiymətləndirmək düzgün deyil. Hətta daha optimal model tətbiq oluna bilər: metro fəaliyyətində fasilə və ya məhdudiyyət yaranan zaman onu əvəz edən ekspress marşrutlarda vahid və ya pulsuz keçid sistemi tətbiq edilsin. Vətəndaş bir nəqliyyat xidmətində yaranmış problemin yükünü ikinci dəfə ödəniş etməklə daşımamalıdır”.
İqtisadçı deyib ki, ən azı 11 ay ekspress avtobusları ödənişsiz fəaliyyət göstərə bilər:
“Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis kimi bütün məsuliyyətimlə deyirəm ki, ən azı metro xəttinin normal fəaliyyətinə qayıdana qədər ekspress avtobusların ödənişsiz və ya əhəmiyyətli güzəştlə fəaliyyət göstərməsi ciddi şəkildə nəzərdən keçirilməlidir. Məsələn, Lüksemburqda ekspress marşrutlar ödənişsizdir. Düşünürəm ki, bunu Bakıda da tətbiq etmək olar”.
