Bakıda milyonları maraqlandıran dəyişiklik… – İş saatları dəyişirbackend

Bakıda milyonları maraqlandıran dəyişiklik... - İş saatları dəyişir

Azərbaycanda iş saatlarının dəyişdirilməsi yenidən müzakirə mövzusuna çevrilib. Rəsmi açıqlamalara görə, 2026-cı ildən etibarən dövlət qurumları, məktəblər, xəstəxanalar və bəzi müəssisələr üçün dəyişkən iş qrafikinin tətbiqi nəzərdə tutulur. Məqsəd xüsusilə Bakı və ətraf ərazilərdə pik saatlarda yaranan nəqliyyat sıxlığını azaltmaqdır. Bununla yanaşı, yeni sistemin tətbiqi ilə bağlı müxtəlif suallar da gündəmdədir.

İş saatlarının dəyişməsi Bakıdakı tıxac problemini real olaraq azalda bilərmi? Nəqliyyat infrastrukturunda əlavə investisiyalara ehtiyac yaranacaqmı?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, Bakı və ətraf ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair Dövlət Proqramı mövcuddur. 2025-ci ilin əvvəlində qəbul olunan və 2030-cu ilə qədər icrası nəzərdə tutulan proqramda əhali mobilliyinin artırılması məqsədilə bir sıra tədbirlər planlaşdırılıb.

Onun sözlərinə görə, bu tədbirlərdən biri də təhsil və tibb müəssisələrində, dövlət idarələrində, eləcə də bəzi özəl qurumlarda iş saatlarının dəyişdirilməsi hesabına nəqliyyat sıxlığının azaldılmasıdır: “Dünyanın bəzi ölkələrində belə təcrübə tətbiq olunur. Məqsəd səhər və axşam pik saatlarda həm ictimai nəqliyyatın, həm də avtomobil yollarının həddindən artıq yüklənməsinin qarşısını almaqdır. Bunun üçün müxtəlif müəssisələrdə işə və dərsə başlama saatları fərqli vaxtlara keçirilir. Mahiyyət bundan ibarətdir ki, hamı eyni vaxtda işə gedib-qayıtmasın. Məsələn, məktəblərdə dərslər saat 08:00-da, universitetlərdə 09:30-da başlayırsa, bu saatlar dəyişdirilə bilər. Təhsil müəssisələrində dərsin başlanma vaxtını yarım saat və ya bir saat fərqli etmək mümkündür ki, pik saatlarda ictimai nəqliyyata və yollara düşən yük azalsın”.

Ekspert qeyd edib ki, bəzi ölkələrdə bu üsul müəyyən nəticə versə də, Bakıda vəziyyət bir qədər fərqlidir: “Bakıda elə iri müəssisələr çox deyil ki, onların iş rejiminin dəyişməsi şəhərdəki pik saatlara ciddi təsir etsin. Əsas sıxlıq orta məktəblər, universitetlər və dövlət qurumlarının eyni saatda fəaliyyətə başlaması səbəbindən yaranır. Hesab edirəm ki, bu məsələ tətbiq olunarkən iqtisadi proseslərin pozulmaması və insanların gündəlik rahatlığının nəzərə alınması vacibdir. Məsələn, valideynin iş saatı 09:30-da başlayır, uşağının məktəbi isə saat 08:00-da açılırsa, bu onun üçün əlverişlidir. Valideyn uşağını məktəbə qoyub sonra işə gedə bilir. Amma məktəbin başlanma saatı 09:00-a keçirilsə, artıq həmin ailə üçün narahatlıq və sosial diskomfort yaranacaq”.

Ə.Hüseynov əlavə edib ki, tibb müəssisələrində də iş saatlarının dəyişməsi müəyyən problemlər yarada bilər: “İcbari tibbi sığorta tətbiq olunandan sonra xəstəxanalarda növbələr və xidmət sistemi müəyyən rejim üzrə qurulub. İş saatlarının dəyişdirilməsi burada əlavə çətinliklər yarada bilər”.

Ekspert məktəblərin yaşayış yerlərinə yaxın olmasının vacibliyini də vurğulayıb: “Uşağın Mərdəkandan şəhərin mərkəzinə məktəbə aparılması əlavə stress yaradır. Dünyada da qəbul olunan yanaşma budur ki, məktəb uşağın yaşadığı əraziyə yaxın olsun.

Bakıda özəl müəssisələrin əksəriyyəti kiçik biznes subyektləridir və onların iş rejiminə inzibati qaydada müdaxilə etmək çətindir. Belə müəssisələrə hansı saatda işləyəcəyini diktə etmək praktik baxımdan çətindir. Hətta müəyyən qərar olsa belə, hamının buna əməl edəcəyinə təminat yoxdur”.

Ekspert hesab edir ki, bu üsul müəyyən qədər effekt versə də, ciddi və gözəçarpan dəyişiklik yaratmayacaq: “Şəxsən düşünürəm ki, Bakı və ətraf ərazilərdə bu metod yalnız cüzi təsir göstərə bilər. Kəskin və aşkar irəliləyiş yaratması real görünmür. Ona görə də məsələ çox diqqətlə düşünülməlidir”.

Ə.Hüseynov sonda vurğulayıb ki, əsas çıxış yolu ictimai nəqliyyata davamlı investisiya yatırılmasıdır: “Azərbaycanda ən çox investisiya tələb edən sahələrdən biri ictimai nəqliyyatdır. Yeni metro stansiyaları açılsa, marşrut şəbəkəsi genişləndirilsə, dəqiq qrafik və yüksək komfort təmin olunsa, iş saatlarını dəyişmək kimi tədbirlərə ehtiyac qalmaz. Bu sahəyə davamlı və planlı investisiya qoyulmalıdır. Mobillik məsələsi olduqca önəmlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*