Bakıda nəqliyyat sıxlığının günbəgün artması paytaxtın əsas problemlərindən birinə çevrilib. Tıxacların qarşısının alınması üçün müxtəlif təkliflər səsləndirilir. Belə təkliflərdən biri də rayon qeydiyyatlı avtomobillərin Bakıya girişinin məhdudlaşdırılmasıdır.
Bəs belə bir addım paytaxtdakı tıxac probleminin həllinə nə dərəcədə kömək edə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, tıxac probleminin həlli üçün rayon qeydiyyatlı avtomobillərin şəhərə buraxılmaması doğru yanaşma deyil.

Onun sözlərinə görə, belə bir qərar ilk növbədə Bakıda işləyən və ailəsini dolandırmaq üçün paytaxta gələn insanlara ciddi çətinlik yarada bilər:
“Bakıdakı tıxac problemini həll etmək üçün başqa yollara əl atmaq daha məqsədəuyğundur. Belə bir qərar qəbul edilərsə, bu, sadəcə Bakıya ailəsini dolandırmaq üçün işləməyə gələn insanlara zərbə vura bilər.
İllər əvvəl Bakıya yük maşınlarının girişinə müəyyən saatlarda məhdudiyyət tətbiq edilmişdi. Onlar axşam saatlarında Bakıya daxil olur, səhər saatlarından etibarən isə şəhərə buraxılmırdılar. Halbuki həmin yük maşınlarını idarə edənlərin böyük hissəsi rayonlarda yaşayan və ailəsini dolandırmaq üçün Bakıya üz tutan insanlar idi. Onların sosial vəziyyətinin necə olduğu hər birimizə bəllidir. Həmin vaxt da bu qərarın problemin həlli olmadığını bildirmişdik. Çünki axşam saatlarında onsuz da Bakıda ciddi tıxac müşahidə olunmurdu”.
Cavanşir Abbaslı hesab edir ki, paytaxtda yaranan nəqliyyat sıxlığının əsas səbəbini rayonlardan gələn avtomobillərlə əlaqələndirmək düzgün deyil:
“Çünki Bakıya daxil olan avtomobillərin hamısı rayon qeydiyyatlı deyil. Bakıda elə ailələr var ki, üç-dörd avtomobilə sahibdir. Tıxacın yaranmasının səbəblərindən biri, əlbəttə, avtomobillərin sayının çox olmasıdır. Lakin bu, yeganə və əsas səbəb deyil. Əsas problemlərdən biri alternativ yolların və ictimai nəqliyyat imkanlarının kifayət qədər olmamasıdır.
Bakıda gözümüzü açandan tıxac problemi ilə üz-üzəyik. Bu problem onilliklərdir davam edir. Bu müddət ərzində məsələ həllini tapmayıbsa, deməli, rayonlardan gələn avtomobilləri əsas günahkar kimi göstərmək düzgün yanaşma deyil”.
Siyasi şərhçi hesab edir ki, paytaxt ətrafında yaşayan insanların şəhərə şəxsi avtomobillə daxil olmaq məcburiyyətini azaltmaq üçün metro və digər ictimai nəqliyyat infrastrukturu genişləndirilməlidir.
“Onillərdir sual yaranır ki, Sumqayıta, Xırdalana niyə metro xətti açılmır? Bakı kəndlərinə niyə metro imkanları genişləndirilmir? Əgər metro stansiyaları və alternativ ictimai nəqliyyat marşrutları daha geniş olsaydı, bu qədər uzunmüddətli tıxaclarla üzləşməzdik.
Əhalinin sayı hər il artır. Rayonlarda iş imkanlarının məhdud olması səbəbindən paytaxta üz tutanların sayı da çoxalır. Onlar isə çox vaxt Bakıdan kənarda – Xırdalan, Sumqayıt və digər ərazilərdə yaşayırlar”.
Cavanşir Abbaslı xüsusilə Sumqayıt istiqamətində yaranan nəqliyyat sıxlığına diqqət çəkib:
“Hazırda Bakıda tıxac problemi ən çox Sumqayıt istiqamətində özünü göstərir. Bu yolda sıxlığın aradan qaldırılması üçün ciddi işlərin görülməsi əvəzinə, əksinə, yolun kənarlarında çoxmərtəbəli binaların sayı sürətlə artır. Belə yanaşma ilə problemin həll edilməsi mümkün deyil.
Əgər Xocəsənə qədər metro stansiyası açılıbsa və oradan Sumqayıt, Xırdalan istiqamətində insanların rahat hərəkətini təmin edən əlavə metro və ya digər nəqliyyat imkanlarının yaradılması mümkündürsə, niyə bu istiqamətdə addımlar atılmır?”
Siyasi şərhçinin fikrincə, rayon qeydiyyatlı avtomobillərin Bakıya girişinin məhdudlaşdırılması tıxac problemini kökündən həll etməyəcək:
“Şəhərdəki tıxac problemini həll etmək üçün rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılmaması ciddi nəticə verməyə bilər. Problemin səbəbləri daha dərindən araşdırılmalı, alternativ yollar yaradılmalı, metro şəbəkəsi genişləndirilməli və ictimai nəqliyyatın əlçatanlığı artırılmalıdır. Əks halda, yalnız avtomobillərin qeydiyyat yerinə əsaslanan məhdudiyyətlərlə tıxac problemini həll etmək mümkün olmayacaq”.
Aynurə İsmayıl
KONKRET.az
