“Batan günəş üçün ağlamayın, yenidən doğduğunda nə yapacağınıza qərar verin.”
Deyl Karneqinin qısa, lakin dərin məna daşıyan fikri təkcə fərdi həyatın deyil, bütövlükdə cəmiyyətin inkişaf fəlsəfəsini özündə ehtiva edir. Çünki insanı irəli aparan keçmişə bağlılıq deyil, gələcəyə yönəlmiş iradədir.
Həyatda hər kəs nələrisə itirir. Kimisi illərini verdiyi işini, kimisi ən yaxın insanını, kimisi də böyük ümidlərlə qurduğu arzularını. Bəzən bir qərar, bir təsadüf və ya bir səhv insanın taleyini tamamilə dəyişir. Məhz belə anlarda insanın qarşısında iki yol açılır: ya ömrünü “kaş ki…”lərin kölgəsində keçirəcək, ya da baş verənləri həyat dərsi kimi qəbul edib yenidən ayağa qalxacaq.
Təəssüf ki, insanların böyük hissəsi ikinci yolu seçməkdə çətinlik çəkir. Keçmişin peşmanlıqları onları o qədər məşğul edir ki, gələcəyin qapısını döyən imkanları görmürlər. Halbuki zamanın ən dəyişməz qanunu budur: heç nə yerində qalmır. Nə sevinc əbədidir, nə də kədər. Günəş hər axşam batdığı kimi, hər səhər də yenidən doğur. Təbiətin bu sadə həqiqəti insan həyatının da ən böyük dərsidir.
Tarixə nəzər saldıqda görürük ki, böyük uğurların arxasında çox vaxt böyük məğlubiyyətlər dayanır. Məğlub olanlar deyil, məğlubiyyətdən sonra ayağa qalxanlar tarixi dəyişiblər. Uğur onların taleyinə yazıldığı üçün deyil, ruhdan düşmədikləri üçün qazanılıb. Onlar dünənin ağrılarını sabahın planlarına çevirməyi bacarıblar.
Bu fikir təkcə fərdlərə aid deyil. Xalqların və dövlətlərin taleyində də eyni qanun işləyir. Böhranlar, müharibələr, iqtisadi çətinliklər və siyasi sarsıntılar tarix boyu bütün cəmiyyətlərin həyatında yaşanıb. Lakin inkişaf edənlər keçmişin dağıntıları üzərində dayanıb ah çəkənlər deyil, həmin dağıntılar üzərində yeni gələcək quranlar olub. Tarix nikbinliyi deyil, iradəni mükafatlandırır.
Əslində, insanın ən böyük düşməni uğursuzluq deyil. Ən böyük düşmən uğursuzluğun onu hərəkətsiz qoymasıdır. Çünki hər itirilən gün geri qayıtmır. Zaman heç kimin kədərinə görə dayanmadığı kimi, heç kimin peşmanlığına görə də yolunu dəyişmir. O axmağa davam edir. Deməli, insanın da yeganə çıxış yolu zamanla birlikdə irəliləməkdir.
Deyl Karneqinin bu fikri bizə sadə, amma həyati bir həqiqəti xatırladır: həyat geriyə baxanlar üçün yox, irəli baxanlar üçündür. Batan günəşə tamaşa edib göz yaşı tökmək asandır. Çətin olan isə sabah doğacaq günəşin işığında hansı yolu gedəcəyini, hansı səhvi təkrarlamayacağını və hansı arzunu gerçəkləşdirəcəyini indidən müəyyənləşdirməkdir.
Çünki gələcəyi dəyişən insanlar dünənə ilişib qalanlar deyil, sabahı bugündən quranlardır. Hər günəşin batışı bir son ola bilər, amma hər doğan günəş həm də yeni başlanğıcın xəbərçisidir. O başlanğıcı necə yaşayacağımız isə taleyin deyil, seçimlərimizin nəticəsidir.
Ağagül Mürsəlov,
KONKRET.az
