“Bayraq yandırmaqla torpaq alınsaydı, biz Qərbi Ermənistanı çoxdan geri qaytarardıq”.
KONKRET.az xəbər verir ki, bu barədə “İslahatçılar” partiyasının rəhbəri Vahan Babayan bu gün keçirilən mətbuat konfransında danışıb.
O bildirib ki, bayrağı döyüş bölgəsindən gətirib yandırmaq alqışlana bilər, səhnədən götürüb yandırmaq gülüncdür.
“Bayraq yandırmaq o halda qəbul olunar ki, həmin şəxs gedib düşmən cəbhəsindən bayrağı götürüb gətirsin və yandırsın. Düşmənə bəla gətirən, əsgərlərimizin əhval-ruhiyyəsini qaldıran adam bunu edə bilər. Yoxsa İrəvanın mərkəzində, dünyanın gözünün qarşısında kiminsə bayrağını yandırmaq asandır və axmaqlıqdır.
Nə qədər bayraq yandırsaq, narahat olacağıq, aşağılanacağıq, alçaldılacağıq, siyasət meydanında heç bir uğurumuz olmayacaq.
Bəziləri deyir ki, kim Azərbaycan və ya Türkiyənin bayrağının yandırılmasının əleyhinədirsə, deməli, türkdür. Mən isə deyirəm ki, bayraq yandırmaq siyasətini qəbul etmirəm, çünki bu, sadəcə gülüncdür.
Bizi öldürürlər, biz isə İrəvanın mərkəzində bayraq yandırırıq. Hə, yandırdıq, sonra? Bayraq yandırdıq ki, əl çalsınlar, eləmi? Biz burada əl çalaq, onlar da gəlib bizim ərazilərimizi işğal etsinlər.
Qarabağ əlimizdən alınır, biz isə bura bayraq yandırmağa gəlmişik. Əgər bayraq yandırmaqla torpaq alınsaydı, biz Qərbi Ermənistanı çoxdan geri qaytarardıq”, – deyə Babayan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
