Belarus hərbi aerodromunda partlayışların baş verməsini inkar edib.
KONKRET.az xəbər verir ki, Belarusun Qomel şəhəri yaxınlığında yerləşən Zyabrovka hərbi aerodromunda partlayışlar barədə məlumat avqustun 11-də Belarus Müdafiə Nazirliyi tərəfindən təkzib edilib.
İzah edilir ki, aerodrom ərazisində mühərrik dəyişdirildikdən sonra bölmələrdən birinin idarə olunması zamanı hərbi texnikanın yanğını baş verib. Hadisə yerli vaxtla saat 23:00 radələrində baş verib, şəxsi heyət çevik reaksiya verib və yanğının söndürülməsi üçün tədbirlər görüb.
Hadisə nəticəsində tələfat olmayıb.
Bir sıra Belarus KİV-ləri avqustun 11-nə keçən gecə aerodrom ərazisində parıltıların göründüyünü və partlayış səslərinin eşidildiyini yazıb. Qomeldən 25 km aralıda yerləşən aerodromun Rusiya ordusunun sərəncamında olduğu bildirilir.
Qeyd olunur ki, aerodromda alovlanma və partlayışlar barədə xəbərlər Belarus Müdafiə Nazirliyinin Rusiya Aerokosmik Qüvvələri ilə avqustun 9-da başlamalı olan birgə təlimi elan etməsindən iki gün sonra ortaya çıxıb.
Xuraman Etibarlı,
KONKRET.az
