Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində inşa edilən bina ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Məsələ ilə əlaqədar KONKRET.az-ın sorğusuna cavab olaraq Komitənin Vətəndaşlarla iş və strateji kommunikasiyalar şöbəsindən bildirib ki, son günlər bir sıra media subyektləri və informasiya resursları tərəfindən Bakı şəhərinin Binəqədi rayonu,
Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində inşa edilən bina ilə bağlı həqiqətə uyğun olmayan, eləcə də dərindən araşdırılmamış, ictimaiyyətə qərəzli və birtərəfli formada təqdim edilən məlumatlar yayılır:
“Bununla əlaqədar bildiririk ki, sözügedən materialları yayımlayan media subyektləri və informasiya resursları tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi mövqeyini öyrənmək məqsədilə Komitəyə yazılı və ya şifahi şəkildə hər hansı sorğu daxil olmayıb.
Eyni zamanda diqqətə çatdırırıq ki, sözügedən ünvanda aparılan tikinti işləri həmin məlumatların mediada yayımlanmasından xeyli əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən həyata keçirilən monitorinq zamanı müəyyən edilib. Aşkar edilmiş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq akt tərtib edilib və bundan sonra zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər göndərilib.
Görülmüş tədbirlər nəticəsində tikinti işlərinin dayandırılması təmin edilib. Lakin sonrakı mərhələdə tikinti işlərinin yenidən davam etdirildiyi müəyyən olunub və məsələyə baxılmasının yekun nəticələri barədə Komitəyə müvafiq məlumat təqdim edilməyib. Bununla əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən zəruri tədbirlərin görülməsi və görülmüş işlərin nəticələri barədə məlumat verilməsi tələbi ilə aidiyyəti dövlət qurumlarına təkrar müraciətlər ünvanlanıb.
Bundan əlavə, qeyd edirik ki, ötən həftənin sonunda Komitənin əməkdaşları tərəfindən sözügedən ərazidə növbəti monitorinq keçirilib və mövcud vəziyyət yerində araşdırılıb”.
Qeyd edilib ki, hazırda məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarətindədir və onun qanunvericiliyə uyğun şəkildə həllini tapması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə müvafiq tədbirlər davam etdirilir.
