90-cı illərin kino ulduzu Billi Bolduin bildirib ki, bir daha Şeron Stounla birlikdə çəkilməyə razı olmayacaq.
KONKRET.az xəbər verir ki, 63 yaşlı aktyor “Lisa Guerrero Unleashed” podkastının qonağı olub və burada 1993-cü il istehsalı olan “Qırıntı” (Sliver) erotik trillerindəki birgə işini xatırlayıb.
Bolduinin sözlərinə görə, onunla 68 yaşlı aktrisa arasında çəkiliş meydançasındakı gərginlik o qədər güclü olub ki, bundan bütün çəkiliş qrupu əziyyət çəkib.
Aktyorun danışdığına görə, ilk iki həftə onlar yaxşı yola gediblər, lakin sonradan Stoun qəfil onunla danışmağı dayandırıb.
“İlk bir neçə həftə yaxşı yola gedirdik, – deyə o, bölüşüb. – Sonra isə o, sadəcə olaraq, növbəti üç ay ərzində mənə “salam” və ya “sağ ol” demədi”.
Atmosfer o qədər dözülməz idi ki, Bolduin prodüserlərin yanına ultimatumla gedib: o, yataq səhnəsində Stounu öpmək məcburiyyətindən qurtulmaları üçün yalvarıb. Aktyor etiraf edib ki, onlara hərfi mənada belə deyib: “Mən səhnəni oynaya bilərəm, amma xahiş edirəm, məni öpüşməkdən azad edin… Mən onu öpə bilmərəm”.
Nəticədə, Billinin sözlərinə görə, bu tələbə görə rejissorlar səhnəni dəyişməli olublar: personajlar Zik Hokins (Bolduin) və Karli Norris (Stoun) sütuna söykənərək sevgi ilə məşğul olurlar.
Daha əvvəl Şeron Stoun 2021-ci ildə yazdığı “İki dəfə yaşamaq gözəllikdir” (“The Beauty of Living Twice”) memuarında iddia etmişdi ki, mərhum prodüser Robert Evans gərginliyi azaltmaq və onların aktyorluq kimyasını yaxşılaşdırmaq üçün kadr arxasında Bolduinlə yatmağı təklif etmişdi.
Lakin Bolduin bu versiyanı təkzib edərək bildirib ki, prodüser eyni sözləri ona da deyib: “Robert Evans bizim aktyorluq oyunumuz barədə belə mühakimə yürütmürdü. O deyirdi: “Mənə hər an inanılmaz gərginlik barədə məruzə edirlər. Biz hamımız məsələnin nədən ibarət olduğunu başa düşürük. Bütün bu yığılmış seksual enerjidir. Sadəcə bunu edin və bununla da işi bitirin””.
Bütün keçmiş incikliklərə və sosial şəbəkələrdə səsləndirdiyi “kompromat yaymaq” hədələrinə baxmayaraq (Bolduin bunları Stounun 2024-cü ildəki müsahibəsindən sonra səsləndirmişdi), bu dəfə aktyor daha barışcıl əhval-ruhiyyə nümayiş etdirib. O, Stounun güclü ekran xarizmasını yüksək qiymətləndirib (“Əsas instinkt” filmindəki əfsanəvi səhnə ilə müqayisə edərək) və bildirib ki, məmnuniyyətlə əlini sıxar, hətta qucaqlayardı.
Rəsmiyyə Şərifova,
KONKRET.az
