Bu gün Ali Məhkəmənin qəbul etdiyi qərara əsasən, yaşayış binasının eyni girişində, eyni mərtəbəsində yaşayan qonşuların icazəsi ilə ümumi dəhlizdə və öz mənzilinin giriş hissəsində kameralar quraşdırıla bilər. Çünki əks təqdirdə qonşunun şəxsi həyatının toxunulmazlıq hüququ pozula bilər.
KONKRET.az xəbər verir ki, bu qərar, əsas prinsip etibarı ilə, hüquqi cəhətdən düzgün və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) formalaşdırdığı yanaşmaya uyğundur. Amma bəzi məqamlar müzakirəyə açıqdır.
Belə ki, şəxsi həyatın toxunulmazlığı hüququ (Konstitusiyanın 32-ci maddəsi, AİHK-nın 8-ci maddəsi) yalnız mənzil daxili ilə məhdudlaşmır. Bu, çoxsaylı presedentlərdə dəfələrlə təsdiqlənib. İnsanın kim tərəfindən, nə vaxt ziyarət edildiyi, gündəlik rejimi kimi məlumatlar həqiqətən “şəxsi həyat” konseptinə daxildir, çünki bunların sistemli toplanması insanın avtonomiyasını və özünü sərbəst hiss etmək hüququnu məhdudlaşdırır.
Təhlükəsizlik və şəxsi həyat arasında balans axtarışı da düzgün metodologiyadır. Məhkəmə “hamısı və ya heç nə” yanaşması götürmür — kameranı sökmür, sadəcə görüntü bucağını məhdudlaşdırır. Bu, proporsionallıq prinsipinin klassik tətbiqidir: məqsədə (təhlükəsizlik) minimal məhdudlaşdırıcı vasitə ilə nail olmaq.
Mənəvi zərər üzrə prezumpsiya tətbiqi də əsassız deyil — sürəkli müşahidənin doğurduğu psixoloji təsiri hər dəfə ayrıca sübut etmək tələbi, əslində, hüququ formal, lakin praktikada müdafiəsiz edərdi.
Qərarda mübahisəli və tənqid oluna biləcək məqamlar var.
Bu məsələnin ən birinci tərəfi kriminal profilaktika baxımından riskli olmasıdır. Məlum olduğu kimi, ümumi dəhlizlərdə kameraların olması oğurluq, vandalizm və digər hüquq pozuntularının qarşısının alınmasında mühüm vasitədir. Qonşuların hamısının razılığını tələb etmək bu tədbiri praktikada çox çətinləşdirə bilər (xüsusən böyük binalarda).
İkinci məsələ razılıq kriteriyasının qeyri-müəyyənliyi ilə bağlıdır. Qərar dəhlizə çıxan bütün qonşuların razılığını tələb edir, lakin bu razılığın forması, sayı (əksəriyyət, yoxsa hamısı) və geri götürülməsi halları aydın deyil. Bu, əlbəttə ki, gələcək mübahisələr üçün yeni zəmin yarada bilər.
Məsələnin praktiki tətbiq çətinliyi də diqqətdən qaçmamalıdır. Belə ki, kameranın yalnız öz mənzilinin girişini çəkməsi tələbi texniki baxımdan bəzən mümkün olmur (dar dəhlizlərdə bucaq bölünməsi çətindir), bu da əslində bir çox insanı kameradan tam məhrum edə bilər.
Prinsip səviyyəsində qərar əsaslıdır və beynəlxalq hüquq təcrübəsinə uyğundur. Şəxsi həyat hüququ ilə təhlükəsizlik marağı arasında balans axtarışı doğru yoldur. Lakin konkret meyarların (razılığın forması, texniki tələblərin real imkanlarla uzlaşdırılması) gələcək işlərdə daha dəqiqləşdirilməsinə ehtiyac var, əks halda bu presedent tətbiqdə qeyri-bərabər nəticələrə səbəb ola bilər.
Ağagül Mürsəlov,
KONKRET.az
