
Natiq Cəfərli: “Torpaqlarımızın işğalı nəticəsində bizə on milyardlarla manat məbləğində maddi ziyan dəyib”
Azərbaycanın dilbər guşələrindən biri olan Qubadlı rayonunun işğalından 26 il ötür. 26 il öncə Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə üz-üzə qaldı. Nəinki Qubadlının, eləcə də digər rayonlarımızın, ümumilikdə isə Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilməsi Azərbaycanı ağır iqtisadi və mənəvi itkilərə məruz qoydu.
Torpaqlarımızın işğalı nəticəsində bizə dəyən maddi və mənəvi zərərin miqdarını ölçmək üçün hansısa çəki vahidi varmı? Ümumiyyətlə, Dağlıq Qarabağın işğalı ölkəmizə nə qədər ziyan vurub?
Konkret.az-ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Ermənistanın işğalçılıq hərəkətləri, Azərbaycan iqtisadiyyatına və ölkəmizin gələcəyinə vurulan ən böyük zərbədir: “Bu işğalçılığın başqa analoqu yoxdur. Söhbət təkcə dağıdılan və viran qoyulan ərazilərdən getmir. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərin bərpasına milyardlarla dollar vəsait lazım olacaq. Bu isə Azərbaycan iqtisadiyyatı və dövləti üzərinə böyük bir yük qoyacaq. Amma işğalın özünün belə ölkə iqtisadiyyatına vurduğu ziyan on milyardlarla manat səviyyəsində ölçülür. Məsələ burasındadır ki, həmin bölgələrdə dağıdılan ərazilərdən başqa, istehsal və kənd təsərrüfat sahələri mövcud idi. Əsasən də heyvandarlıq həmin bölgələrdə inkişaf etmişdi və vaxtilə insanların əsas dolanışıq mənbəyi idi. İşğal faktorunun 30 ilə yaxınlaşdığını nəzərə alsaq, hər il nə qədər itkiyə məruz qaldığımızı hesablamaq mümkün deyil. Çünki bu zaman olduqca böyük rəqəmlər alınır. Əminəm ki, torpaqlarımızın işğalı nəticəsində bizə on milyardlarla manat məbləğində maddi ziyan dəyib”.
Natiq Cəfərli əlavə edib ki, bu illər ərzində işğal faktoru olmasa və əhalimiz həmin ərazilərdə yaşasa idi, o zaman ümumdaxili məhsulun və kənd təsərüfatı sahəsində istehsalın həcmi artardı: “Bundan başqa işğal faktı ilə əlaqədar ordumuza və təhlükəsizliyimizə aid xərclərimiz də artır. Yəni işğal faktı olmasaydı, bu xərcləri biz təhsilə, səhiyyəyə və digər sahələrə yönəldərdik. Bu da ölkənin çox ciddi şəkildə inkişafına gətirib çıxarardı. Tək iqtisadi deyil, sosial və siyasi məsələlərin həllində də, işğal faktoru neqativ rol oynayır”.
İqtisadçı əlavə edib ki, işğalın vurduğu iqtisadi ziyanın məbləğini ölçmək mümkündür, amma mənəvi zərərin ölçüsü yoxdur: “Çünki söhbət insanların öz torpaqları üçün çəkdiyi xiffətdən gedir. Bu isə insan sağlamlığına vurulan ən böyük zərbədir. Hətta məcburi qaçqın və köçkünə çevrilən insanların şəhər iqliminə uyğunlaşması da böyük çətinlik yaratdı. Bu da xəstəliklərin və ölümlərin artmasına səbəb oldu. Yəni Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizə dəyən ziyan on milyardlarla manat dəyərində ölçülür. İnsani tərəfini götürəndə isə, bu ziyanın ölçülməsi mümkün deyil”.

Akif Nağı: “İşğal faktoru Azərbaycan üçün mənəvi bir yaradır”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə Konkret.az-a müsahibəsində bildirib ki, torpaqlarımızın işğalı ilə bağlı hansısa iqtisadi və maddi zərərdən söhbət etməyə dəyməz: “Çünki işğal faktoru Azərbaycan üçün mənəvi bir yaradır. Biz bu işğalın mənəvi ziyanını göstərməliyik. Təbii ki, bu ərazilər yeraltı və yerüstü sərvətlərinə görə misilsiz idi. Bu səbəbdən də işğal nəticəsində Azərbaycana dəyən maddi ziyanın həcmi olduqca yüksəkdir. Amma ilk növbədə Azərbaycanın müstəqilliyinə vurulan zərbə aradan qaldırılmalıdır, daha sonra isə maddi ziyanın hesablanması aparıla bilər”.
Müşfiq Əhmədov
