Azərbaycanda bank sektorunda tətbiq edilən staj proqramlarının gələcəkdə bankdan kənar kredit təşkilatlarında (BOKT) daha tətbiq olunub-olunmayacağı maraq doğuran məsələlərdəndir. Mütəxəssislər hesab edirlər ki, bu məsələ ilk növbədə Mərkəzi Bankın tənzimləyici siyasətindən asılıdır.
Bəs gələcəkdə BOKT-lar üçün də belə bir tələbin qoyulması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, hazırda banklarda staj proqramlarının tətbiqi Mərkəzi Bankın müəyyən etdiyi qaydalardan irəli gəlir.

“Hazırda banklarda bu mexanizmin tətbiq edilməsinin səbəbi Mərkəzi Bankın tələbləridir. Ümumiyyətlə, borcalanın rəsmi gəliri olmalıdır. Lakin BOKT-lar üçün belə bir tələb mövcud deyil. Buna görə də onlar könüllü şəkildə bu addımı atmağa maraqlı olmayacaqlar. Çünki belə olacağı təqdirdə qeyri-rəsmi gəliri olan şəxslərə kredit vermək imkanları məhdudlaşacaq.
Əgər Mərkəzi Bank belə bir qayda müəyyən etsə, BOKT-lar onu tətbiq etməyə məcbur qalacaqlar. Ancaq hesab edirəm ki, tənzimləyici qurumun bu istiqamətdə addım atması çətin görünür. Çünki bu halda kreditlərin ümumi həcmi azala bilər”.
Ə.Həsənovun fikrincə, Mərkəzi Bankın mövcud strategiyası kredit bazarının müxtəlif seqmentlər üzrə bölüşdürülməsinə əsaslanır:
“Mərkəzi Bankın strategiyası ondan ibarətdir ki, daha etibarlı və rəsmi gəliri olan müştərilərə banklar kredit versin. Rəsmi gəliri olmayan və ya bunu sənədlərlə təsdiq edə bilməyən şəxslər isə əsasən BOKT-ların müştərilərinə çevrilsinlər”.
Ekspertin sözlərinə görə, bu yanaşma yaxın perspektivdə BOKT-larda banklardakı kimi staj proqramlarının tətbiq olunması ehtimalını aşağı salır. Bununla belə, gələcəkdə tənzimləyici tələblərin dəyişməsi bu sahədə yeni mexanizmlərin yaranmasına səbəb ola bilər.
Aynurə İsmayıl
KONKRET.az
