Azərbaycanda ailə institutunun zəifləməsi, boşanmaların artması, doğum səviyyəsinin azalması və gənclərin ailə qurmaqdan çəkinməsi ilə bağlı illərdir eyni fikirlər səsləndirilir. Deputatlar, məmurlar və ekspertlər problemin ciddiliyindən danışır, mənəvi dəyərlərin aşındığını bildirirlər. Ancaq sual yaranır: əgər vəziyyət həqiqətən də təhlükəli həddə çatıbsa, niyə bu çağırışlar konkret qanunlara, real sosial dəstək paketlərinə və gənc ailələr üçün güzəştlərə çevrilmir?
Niyə parlamentdə yalnız narahatlıq ifadə olunur, amma ailələri qoruyacaq sistemli addımlar atılmır? Yoxsa ailə institutunun böhranı barədə danışmaq onu xilas etməkdən daha asandır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı bildirib ki, ailə institutunun möhkəmləndirilməsi və gənc ailələrə güzəştlərin tətbiqi son dərəcə vacib məsələlərdəndir.

Onun sözlərinə görə, deputatların bu barədə danışması normaldır və hər bir millət vəkili belə problemləri gündəmə gətirməlidir:
“Bu məsələlər cəmiyyəti düşündürən problemlərdir. Deputatlar da zaman-zaman onları qaldırırlar. Amma qanun layihəsinin hazırlanması və qəbul edilməsi tək bir şəxsin istəyi ilə baş vermir. Bunun üçün komissiyalar yaradılır, layihələr hazırlanır və müzakirələr aparılır. Partiyalar da ailə institutunun möhkəmləndirilməsi istiqamətində qanunvericilik təşəbbüsləri irəli sürərək parlamentə konkret təkliflər təqdim etməlidirlər”.
Akif Nağı hesab edir ki, qanunvericilik təşəbbüslərinin reallaşması prosesində həm prosedurların mürəkkəbliyi, həm də bəzi hallarda məmur biganəliyi öz təsirini göstərir:
“Bir tərəfdən qanun layihələrinin hazırlanması, müzakirəyə çıxarılması və qəbul edilməsi uzun prosedurdur. Digər tərəfdən, bəzi məmurlar məsuliyyətdən yayınmağa çalışır, müxtəlif bəhanələrlə prosesləri ləngidirlər. Bu da müəyyən təşəbbüslərin nəticəsiz qalmasına səbəb olur”.
Partiya sədri qeyd edib ki, ailə və demoqrafiya məsələləri artıq bir çox ölkələrdə ciddi problemə çevrilib:
“Dünyanın bir sıra ölkələrində demoqrafik böhran yaşanır. Uşaq sahibi olmaq istəməyən ailələrin sayı artır. Bu, təkcə maddi vəziyyətlə bağlı deyil. İnsanlar daha çox şəxsi rahatlıqlarını düşünür, övlad böyütməyin məsuliyyətindən yayınmağa çalışırlar. Halbuki cəmiyyətin və dövlətin gələcəyi üçün əhalinin artımı mühüm əhəmiyyət daşıyır”.
Akif Nağının fikrincə, problemin həlli üçün həm maarifləndirmə işləri gücləndirilməli, həm də dövlət tərəfindən real dəstək mexanizmləri tətbiq olunmalıdır:
“Gənc ailələr üçün ciddi imtiyazlar nəzərdə tutulmalıdır. Onlara güzəştli kreditlər verilməli, mənzil və sosial təminat məsələlərinin həlli istiqamətində addımlar atılmalıdır. Maddi dəstək mexanizmləri ailələrin daha rahat qərar verməsinə kömək edə bilər”.
Ekspertin fikrincə, ailə institutunun qorunması ilə bağlı təkcə çağırışlar deyil, eyni zamanda konkret qanunvericilik təşəbbüsləri və sosial proqramlar da vacibdir. Bu baxımdan, cəmiyyətdə səslənən problemlərin real həll mexanizmlərinə çevrilib-çevrilməyəcəyi diqqət mərkəzində qalır.
Müşviq Tofiqoğlu
KONKRET.az
