62 yaşlı Hollivud aktyoru Bred Pitt Esquire UK jurnalına müsahibəsində həyatının ən ağır emosional böhranlarından biri barədə danışıb.
KONKRET.az xəbər verir ki, aktyorun sözlərinə görə, uşaqları ilə münasibətlərinin pozulması və keçmiş həyat yoldaşı Ancelina Coli ilə uzunmüddətli münaqişə ona “dözülməz və boğucu ağrı” yaşadıb. Bu dövrdə Pitt intihar düşüncələri ilə üzləşdiyini etiraf edib.
Aktyor özünü “köklü optimist” hesab etdiyini və heç vaxt bu düşüncələri həyata keçirmək niyyətində olmadığını vurğulayıb. Bununla belə, həmin dövrü həyatının ən qaranlıq sınağı kimi xarakterizə edib.
“Heç vaxt intihara meyilli olmamışam. Amma həyatımda elə qısa bir dövr oldu ki, çıxış yolu görmürdüm. Ağrı o qədər ağır idi ki, başımda güllənin soyuq poladını fiziki olaraq hiss edirdim və bu, bir növ rahatlıq kimi görünürdü. Mən intiharın əslində ağrıdan qurtulmaq axtarışı olduğunu anladım”, — Pitt bildirib.
Aktyorun sözlərinə görə, bu böhranı aşmasına güclü yaşamaq instinkti kömək edib.
Pitt həmçinin bir il əvvəl 84 yaşında vəfat edən anası Ceynini itirməsinin də onun üçün ağır zərbə olduğunu deyib. Aktyor anasının ölümünün qəlbində “boşluq, eyni zamanda dərin gözəllik hissi” buraxdığını bildirib.
Müsahibə zamanı Pitt yeddi il tamamilə alkoqoldan uzaq qaldıqdan sonra yenidən az miqdarda spirtli içki qəbul etməyə başladığını da açıqlayıb. Onun bu asılılıqdan uzaqlaşmasına vaxtilə aktyor Bredli Kuperin kömək etdiyi bildirilir.
Şəxsi həyatındakı çətinliklərə baxmayaraq, Pitt aktyorluq fəaliyyətini davam etdirir. Bu payız onun iştirakı ilə “Heart of the Beast” filmi, daha sonra isə Kventin Tarantinonun “The Adventures of Cliff Booth” ekran əsəri təqdim olunacaq.
Hazırda aktyor zinət əşyaları dizayneri İnes de Ramonla münasibətdədir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
